TIR xərclərinin 70 faizini dövlət ödəyəcək – Kimlər yararlana biləcək?

Azərbaycanda daşıma xərclərinin 70 faizədək hissəsi kompensasiya olunacaq.

Dövlət başçısının 2026-cı il 9 iyun tarixli “Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən ixrac daşıma dəstəyi yalnız Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixracına tətbiq ediləcək.

Dəstək məbləği iki kriteriya əsasında hesablanacaq: ixrac olunan malın daşınması üçün çəkilmiş xərclərə görə nağdsız qaydada ödənilmiş məbləğ və istifadə olunan nəqliyyat növündən asılı olaraq ixrac olunan malın gömrük dəyəri. Daşıma dəmir yolu, hava, dəniz və ya Azərbaycanda qeydiyyata alınmış avtomobil nəqliyyatı ilə həyata keçirildikdə nağdsız ödənilmiş daşıma xərclərinin 70 faizi, digər ölkələrdə qeydiyyata alınmış avtomobil nəqliyyatı ilə həyata keçirildikdə isə 50 faizi nəzərə alınacaq. Bununla yanaşı, avtomobil, dəmir yolu və hava nəqliyyatı üzrə malın gömrük dəyərinin 15 faiz, dəniz nəqliyyatı üzrə isə 5 faizi yuxarı hədd kimi müəyyən ediləcək. İxracatçıya bu iki hesablamadan daha az olan məbləğ ödəniləcək.

Daxili daşıma dəstəyi Naxçıvanda istehsal olunan Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ölkənin digər ərazilərinə quru yolu ilə daşınmasına şamil olunacaq. Bu halda sahibkar tərəfindən nəqliyyat xərclərinə görə nağdsız qaydada ödənilmiş məbləğin 70 faizi dövlət dəstəyi kimi həmin biznes nümayəndəsinə ödəniləcək. Ödənişlər rüb ərzində daşıma həyata keçirən sahibkarların müraciətləri əsasında hesablanacaq və İqtisadiyyat Nazirliyi tərəfindən ödəniləcək.

Dəstək mexanizmi 2026-cı ilin 1 sentyabr tarixindən 2036-cı ilin 30 sentyabr tarixinədək həyata keçirilən daşımalara tətbiq olunacaq. Mexanizmin tətbiqi üçün mənşə qaydası, dəstəyin şamil olunmadığı əməliyyatlar və şəxslər, dəstəklənəcək malların siyahısı, ölkə qrupları, müraciətlərin təqdim edilməsi və baxılması qaydası, həmçinin müxtəlif nəqliyyat növləri ilə (multimodal) daşımalar üzrə hesablama qaydası ayrıca normativ aktlarla müəyyən ediləcək.

 

MənbəAZƏRTAC
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər