1912-ci ildə 14 apreldən 15 aprelə keçən gecə “Titanik” gəmisi nəhəng aysberq ilə toqquşur və çoxsaylı deçiklərdən sızan su nəticəsində batır. Dəhşətli faciədə təqribən 1500 insan həlak olur. Məlumdur ki, həlak olanlar sırasında gəminin kapitanı 62 yaşlı ingilis zabit Edvard Smit də var idi. Kapitan Titanik gəmisinin ilk reysindən sonra təqaüdə çıxmağı planlaşdırırdı. Bu yaşlı kapitanın həlak olması ilə bağlı bir neçə versiya mövcuddur. Bir çoxlarının iddiasına görə, kapitan özünü güllələmişdi.
Uzun illər boyu Titanik gəmisinin axtarışları ilə məşğul olan məşhur okeanoloq Robert Ballard iddia edirdi ki, Smit əlində meqafon tutduğu və kapitan körpüsündə dayandığı halda suyun dibinə getmişdir. Bu faktı daha bir neçə nəfər təsdiq etmişdir. Kömürçü Harri Senior suda Smitə bənzəyən bir şəxsi gördüyünü demişdi. Uolter Herst-də eyni fikri səsləndirmiş və bildirmişdi ki, hətta Smitin cəsədini sudan çıxarmaq istəsə də buna nail ola bilməmişdi.
Bu versiyalardan hər birini təsdiq və yaxud inkar etmək mümkün deyil. Çünki kapitanın cəsədi tapılmayıb. Əsl sensasiyalı xəbəri isə “Daily Telegraph” 1912-ci ilin iyulunda nəşr edir.
Bu zaman nəşr olunan məqalədə deyilir ki, Smitin keçmiş vaxtlardan tanıyan Petr Prayal adlı bir kapitan “Titanik”-in kapitanını Nyu-Yorkda Müqəddəs Pavl küçəsində gördüyünü iddia edirdi. Bununla yanaşı, nəinki onu görmüş, hətta söhbət belə etmişdi. Smitə çox bənzəyən bir şəxslə qarşılaşan Prayal ilk olaraq hallüsinasiya gördüyünü zənn edir. Lakin o həmin şəxsin ardınca getməyi qərara alır.
-Necəsiniz, kapitan Smit?
-Çox yaxşı, Prayal! Lakin məni ləngitməyin, mən tələsirəm – deyə sirli müsahib cavab verir. O Smiti izləmək qərarına gəlir. Həmin şəxs vağzala gedir və Vaşinqtona bilet alır. Bundan sonra isə yanındakı şəxsə “Yenidən görüşəcəyimiz günə qədər sakit olun” deyir.
Prayal bildirirdi ki, o səhv edə bilməzdi, çünki Edvard Smiti çox yaxşı tanıyırdı. Bu hadisədən sonra o belə güman edirdi ki, ola bilsin kapitan sağ qalmağı bacarıb və Amerikaya çata bilib. Prayal öz sözlərini and içərək təsdiq etməyə hazır idi. Onunla müsahibə aparan jurnalist isə Prayalın çox ciddi, içkili olmayan və özünü reklama ehtiyac duymayan bir şəxs olduğunu demişdi. Kapitan Prayal-ın Nyu-York küçəsində dəqiq olaraq kiminlə qarşılaşdığını demək çətin olsa da, “Titanik” kapitanın sağ olduğunu təsdiq edən digər fakt tapılmamışdır.








