Keçmiş şahzadə Mako məktəbdə tanış olduğu sevgilisi ilə keçən il evlənərək böyük sensasiya yaratmışdı. Həm ölkəsində, həm də dünyada böyük təəccüblə qarşılanan bu hadisə ilə bağlı bir çox söz-söhbət yayıldı. Bu evlilik üçün kral ailəsi titulundan imtina edən keçmiş şahzadə 2021-ci ilin noyabrında Nyu-Yorka köçüb.
Banker.az Japan Times-a istinadən xəbər verir ki, Mako Metropolitan İncəsənət Muzeyində işə başlayıb. O, ödənişsiz təcrübə müqabilində oradakı kuratorlara kömək etdiyini bildirib. Japan Times-a görə, keçmiş Yapon şahzadəsi Okinavalı rəssam Yamada Şinzanın Kamakura dövründə (1192-1333) Yaponiyanı gəzmiş rahib İppenin (1239-1289) həyatından ilhamlanaraq çəkdiyi tablolardan ibarət olan bir sərgi üzərində işləyir.
Mako Tokiodakı Beynəlxalq Xristian Universitetindən incəsənət və mədəni irs ixtisası üzrə məzun olub. Edinburq Universitetində sənət tarixini də oxuyan keçmiş şahzadə Lester Universitetində sənət muzeyi və qalereyaşünaslıq üzrə magistr dərəcəsi alıb. O, şahzadə olduğu müddətdə Tokio Universitetinin muzeyində də işləyib.
Metropolitan İncəsənət Muzeyində çox hazırlıq tələb edən və ümumilikdə çox vaxt sərf edilməli olan vəzifəni keçmiş şahzadənin idarə etdiyini bildirilir. Mako bu karyera sahəsində tək deyil. Həmçinin, İngiltərə şahzadəsi Eugenie Londonda bir sənət qalereyasının direktor köməkçisidir.
Makonun işinin hazırda ödənişsiz olduğu bildirilsə də, bunun tam ştatlı işə çevrilə biləcəyi də bildirilib. Kral ailəsini tərk edərək $1.4 mln.-lıq sərvətindən imtina edən keçmiş şahzadə mətbuat konfransında əri Keyni “əvəzolunmaz” adlandırmışdı. Bu müddət ərzində ona olunan təzyiqlərə görə çox çətin bir dönəm keçirdiyi bilinən Makoya Travma Sonrası Stress Pozuntusu (TSSP) diaqnozu qoyulmuşdu.
Onun əri Fordham Hüquq Məktəbində oxuyan Komuro, Nyu-Yorkda vəkillik imtahanını təkrar verməyə hazırlaşır, eyni zamanda bir hüquq firmasında katib işləyir. Deyilənə görə, o, fevral ayında imtahan verib və yaxın aylarda imtahandan keçib-keçmədiyini öyrənəcək.