Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Nyu-Yorkda Cozef Bayden və Mərkəzi Asiya ölkələrinin başçıları ilə görüşündə ABŞ Prezidentini nüvə silahının olmadığı Mərkəzi Asiya ilə bağlı protokolu ratifikasiya etməyə çağırıb.
Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bu protokolu ratifikasiya etmiş dövlətlər Mərkəzi Asiya ölkələrinə qarşı nüvə silahından istifadə etməyəcəklərini və onları hədələməyəcəklərini öhdəliklərinə götürüblər.
Tokayev qeyd edib ki, bu addım regionun nüvəsiz statusunun institutsionallaşdırılması prosesini tamamlayacaq. Eləcə də nüvə tərk-silahı və yayılmaması üçün beynəlxalq səylərdə mühüm mərhələ olacaq.
Xatırladaq ki, Mərkəzi Asiya şimal yarımkürəsində nüvə arsenallarının yerləşdirilməsinin qadağan olunduğu yeganə regiondur. Protokol Çin, Rusiya, Fransa və Böyük Britaniya tərəfindən ratifikasiya edilib. ABŞ yeganə nüvə dövləti olaraq qalır ki, protokolu imzalasa da, ratifikasiya etməyib.