-3 C
Baku
Sunday, December 15, 2024

Tokayev prezidentliyə namizəd olmayacağını açıqladı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2026-cı ildə keçiriləcək prezident seçkilərində iştirak etməyəcək.

O, bu barədə “Egemen Qazaqstan” qəzetinə müsahibəsində açıqlayıb.

Tokayev ikinci dəfə prezident seçkilərində iştirak etmək üçün ölkə Konstitusiyasına dəyişiklik ediləcəyi ilə bağlı yayılan məlumatları təkzib edib: “Bu, dezinformasiyadır. İndi hər kəs istədiyini edib qanuna dəyişiklik edə bilmir. Mən buna qəti əminəm ki, Konstitusiyaya, xüsusən də belə fundamental məsələ ilə bağlı özbaşına düzəlişlər etmək artıq mümkün deyil. Konstitusiya islahatı əsas qanuna özbaşına dəyişikliklər etmək məqsədi daşımırdı”.

Tokayevin sözlərinə görə, ölkə Konstitusiyasında prezidentlik müddəti ilə bağlı müddəa dəyişilməyəcək. O, bu normanın Qazaxıstanın müstəqilliyi, unitarlığı, ərazi bütövlüyü və idarəetmə forması ilə bağlı normalar qədər sarsılmaz olduğunu vurğulayıb.

Dövlət başçısı hələ 15 il əvvəl qapalı müzakirələr zamanı vahid yeddi illik prezidentlik müddəti ideyasını dəstəklədiyini ifadə edib: “Həmin təklif o zaman çox dəstək almadı. Mən prezident seçiləndən sonra bu təşəbbüsün müsbət və mənfi tərəflərini ölçüb-biçərək necə həyata keçirəcəyim barədə çox düşündüm. 2022-ci ildə super-prezidentlik səlahiyyətlərini ləğv etmək üçün Konstitusiyaya bir sıra mühüm dəyişikliklər edildi. O zaman mən yenə yeddi illik müddət ideyasını irəli sürdüm və bu təşəbbüs bütün xalq tərəfindən dəstəkləndi. Bununla da bu söhbəti bitirəcəyəm”.

Xatırladaq ki, Kasım-Jomart Tokayev 2019-cu iln martından Qazaxıstana rəhbərlik edir.

Son xəbərlər
Digər xəbərlər