Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin Avropa İttifaqına enerji resursları ixracını artırmağa hazır olduğunu bəyan edib.
Bu bəyanat Astanada keçirilən Qazaxıstan – Almaniya biznes forumunda səsləndirilib.
Onun sözlərinə görə, Qazaxıstan Avrasiyada ikinci kəşf edilmiş ən böyük neft ehtiyatlarına malikdir və dünya bazarlarına enerji resurslarının iri tədarükçüsüdür.
“Nəzərə alsaq ki, Qazaxıstanın neft ixracının 70 faizi Avropa İttifaqının payına düşür, ölkəmiz ixrac imkanlarını artırmağa və qlobal enerji resursları çatışmazlığının azaldılmasına kömək etməyə hazırdır”, – deyə o bildirib.
Prezidentin sözlərinə görə, Qazaxıstanın strateji mövqeyi onu Avrasiyada ticarət və logistikanın əsas regional mərkəzinə çevirir.
O qeyd edib ki, Orta Dəhliz hazırda 10 milyon ton yükdaşıma potensialı ilə Avropaya ən qısa və etibarlı marşrutdur.
Kasım-Jomart Tokayev Orta Dəhlizi Trans-Avropa nəqliyyat şəbəkəsi və Aİ-nin “Global Gateway” təşəbbüsü ilə əlaqələndirməyi təklif edib ki, bu da Şərq və Qərb arasında artan ticarət həcmini dəstəkləyəcək.
Prezident qeyd edib ki, ötən il Qazaxıstan və Almaniya arasında ikitərəfli ticarət dövriyyəsi 41% artaraq 3,9 milyard dollar təşkil edib. Almaniyanın birbaşa investisiyaları da 64% artaraq rekord səviyyə olan 770 milyon dollara çatıb.
“Ümumi dəyəri 55 milyard dollar olan 66 birgə investisiya layihəsindən ibarət kompleks portfel üzrə razılaşmalar əldə olunub”, – deyə Prezident bildirib.