7 C
Baku
Monday, February 6, 2023

Tokioda Yaponiya və Mərkəzi Asiya ölkələrinin XİN başçılarının görüşü keçiriləcək

Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi dekabrın 24-də ölkənin paytaxtı Tokioda Mərkəzi Asiya ölkələrindən – Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Türkmənistan və Özbəkistandan olan həmkarları ilə görüş keçirəcək.

Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, danışıqlar zamanı tərəflər birgə əməkdaşlıq, Mərkəzi Asiya regionunun davamlı inkişafı məsələlərini müzakirə edəcəklər. Bundan əlavə, beynəlxalq məsələlər, o cümlədən Ukrayna və Əfqanıstandakı vəziyyət də gündəmdə olacaq.

Yaponiya XİN qeyd edib ki, Y. Hayasi həmkarları ilə bir sıra ikitərəfli görüşlər də keçirəcək.

Hazırkı danışıqlar bu formatda ardıcıl doqquzuncu olacaq. Bu format 2004-cü ildən fəaliyyətdədir.

Qeyd edək ki, Yaponiya son vaxtlar Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafına böyük diqqət yetirir. Noyabr ayında Tokioda Yaponiya və Mərkəzi Asiya ölkələri arasında dostluq üzrə Parlament üzvlərinin Assosiasiyası yaradılıb. Ona hakim Liberal Demokrat Partiyasının sədr müavini, keçmiş baş nazir Taro Aso başçılıq edir. Dekabrın əvvəlində Yaponiyanın paytaxtında region ölkələrinin rəsmiləri və biznes nümayəndələrinin iştirakı ilə Mərkəzi Asiya İnvestisiya Forumu (Central Asia Investment Forum 2022) də keçirilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər
X