Amerikalı top-menecerlərin əldə etdiyi əmək haqqı adi əməkdaşların qazandığı maaş səviyyəsini 130 dəfə geridə qoyur.
Banker.az xəbər verir ki, bu məlumatı Davosda keçirilən Dünya iqtisadi forumu çərçivəsində müzakirə iştirakçıları bildirib.
1970-ci ildən bu yana ABŞ-da top-menecmentə edilən ödənişlər 1000% artıb. İşçilərin əmək haqqlarındakı artım isə cəmi 11% təşkil edir. 20 il əvvəl isə şirkət rəhbəri orta hədlə adi işçidən 45 dəfə daha çox maaş alırdı. Forumda qeyd edilən məlumatlara görə isə, hazırda bu göstərici 130-a bərabərdir.
Bir sıra nəhəng şirkət rəhbərləri bildirib ki, bu statistika əsas olaraq nəhəng ictimai şirkətlərə aiddir. Egon Zehnder şirkətinin araşdırmasına görə, şirkətlərin 85%-i öz rəhbərlərinin əldə etdiyi maaşı adekvat hesab edir.
Qeyd edək ki, 16 yanvar tarixində Oxfam beynəlxalq xeyriyyə təşkilatı özünün hesabatını təqdim etdi. Araşdırmasında qeyd olunub ki, hazırda planetin 1%-i yerdə qalan 99%-dən daha çox sərvətə sahibdir. 8 varlı milyarderin sahib olduğu sərvət planetin yoxsul təbəqəsinin sahib olduğu ümumi məbləğə bərabərdir. Sərvət paylanmasındakı qeyri-bərabərliyin artması fonunda isə dünyanın ilk trilyoneri gələcək 25 il ərzində peyda olacaq.