BƏHS etdiyimiz şəxs Kanadanın ən böyük şəhərlərindən olan Torontoda yaşayan Şəhriyar Qəribovdur. Onun ali təhsili və eləcə də karyerasına ilk addımları doğma vətəni Azərbaycandan keçir.
Öncə müsahibimizin yaşadığı Toronto şəhəri haqda bəhs edək. Toronto, Ontario əyalətinin paytaxtı və Kanadada əhalisinin ən çox məskunlaşdığı şəhər hesab olunur. Əhalisinin sayı 5,9 mln. nəfərdən çoxdur. Toronto beynəlxalq ticarət, maliyyə, incəsənət və mədəniyyət mərkəzi olmaqla, dünyanın ən multikultural və kosmopolitan şəhərlərindən biri kimi tanınır. “Əgər mənim kimi təbiəti sevən birisinizsə Kanada dünyanın ən gözəl landşaftlarından birinə malikdir. Azərbaycanda təbiət görmək üçün bir neçə saat rayonlara səyahət ediriksə burada şəhərin mərkəzindəki parklar harasa uzun yolçuluğa getmək ehtiyacını aradan qaldırır. Sahilində yerləşdiyimiz Ontario gölünün ucu-bucağı yoxdu. Şəhərdən Toronto adasına gəmilər yola düşür və şəhərə ən gözəl mənzərə məhz adadan açılır. Təbii ki, azərbaycanlı olaraq dostlarımla ora gedib kabab çəkməyi unutmadıq! Niaqara şəlaləsində də ən azı 3 dəfə olmuşam və hər dəfə gedəndə demək olar ki, ilk dəfə gördüyüm zaman keçirdiyim hissləri keçirirəm. Baxmayaraq ki, uşaqlıqdan yayı və istini sevməmişəm, Torontonun sərt qışı soyuğa olan sevgimi yenidən nəzərdən keçirməyə vadar edir. Yadımdadı bir dəfə hətta hava -30 dərəcəyə qədər düşmüşdü. Maşını işə sala bilmirdim. Ontario gölünün daha da sərtləşdirdiyi soyuq havadan əlavə Toronto barədə sevmədiyim nüanslardan biri də buranın ictimai nəqliyyat sistemidi. Baxmayaraq ki, TTC (Toronto İctimai Nəqliyyatı) Şimali Amerikanın ən yaxşı nəqliyyat sistemi seçilib, metroda tez-tez problemlər yaşanır və işə gecikməmək üçün evdən vaxtından çox tez çıxmaq məcburiyyətində qalıram. Toronto həmçinin Şimali Amerikanın ən bahalı şəhərlərindəndir. Mən buranı mini Nyu-York adlandırıram. Arxitektura və infrastruktura cəhətdən çox bənzəyirlər. Sadəcə Toronto daha təmiz, təhlükəsiz və səliqəlidir” – deyə Şəhriyar yaşadığı şəhəri təsvir edir.
Şəhriyarın təhsil, həm də karyera rakursundan buralara gəlib çıxmağında 2005-ci ildə “American Councils”in təşkil etdiyi orta məktəb şagirdlərinin mübadilə proqramının (FLEX-Future Leaders Exchange Program) qaliblərindən biri olmağının böyük rolu olub.
“Rahatlıqla deyə bilərəm ki, bu proqram həyatımın hər bir aspektini əsaslı şəkildə müsbətə doğru dəyişdi” – deyə Şəhriyar Banker.az-a müsahibəsində deyir.
O, Amerikada orta məktəbi bitirdikdən sonra geri dönüb Gəncə Dövlət Universitetinin (GDU) Ekologiya fakultəsinə qəbul olub və 2-ci kursda “Erasmus Mundus” proqramının təqaüdünü qazanaraq bir daha xaricə təhsil almaq üçün üz tutub. Yunanıstanda 1 il təhsil aldıqdan sonra geri qayıdıb, GDU-də bakalavr təhsilimi yekunlaşdırıb. 2014-cü ildə isə işi ilə bağlı yaranan ehtiyaca görə Pensilvaniya Universitetinin təklif etdiyi Marketinq üzrə onlayn kursu bitirib. Yuxarıda sadalanan bütün təhsilləri fərqlənmə və ya qırmızı diplomla başa vurub.
Şəhriyar karyerasına ilk dəfə 2009-cu ildə Yunanıstanda təhsil aldığı müddətdə keçdiyi praktika ilə başlayıb. Praktika lider texnologiya şirkətlərindən olan “Dotsoft Draxis” şirkətində “Project Researcher” vəzifəsində 3 ay davam edib.
“Azərbaycana qayıtdıqdan sonra dil bilgilərimdən istifadə edərək o zamanlar sürətlə inkişaf edən turizm sahəsində karyerama davam elədim. Azər Qəribov (Qərib Azər verilişi) uşaqlıqdan məndə turizmə çox həvəs yaratmışdı. 2010-2011, tələbəçilik illərimdə, təhsilimlə paralel olaraq Gəmiqaya Turizmdə “Tour operator” və Ramada Plaza otelində “Night Auditor” vəzifələrində çalışmışam. 2011-ci ildə bakalavr təhsilimi başa vurub hərbi qulluğa yollandım. 2012-ci ildə hərbi qulluğumun ardından Bakıya köçdüm və Qafqaz Baku City otelində satış mütəxəssisi olaraq işə başladım. Sonralar “IronFX Financial Services” şirkətində “Account Manager”, “McCANN Baku”-da “Account and Strategic planner”, “ScanEX Projects” şirkətində isə “Commercial Manager” olaraq Bakıdakı karyeramı yekunlaşdıraraq Kanadaya yola düşdüm”- deyə o bildirir.
Şəhriyar ABŞ-a geri dönmək əvəzinə Kanadaya köçməsini isə belə izah edir:
“ABŞ-da artıq bir dəfə yaşamışdım və həm də yenilik olsun deyə bu dəfə Kanadaya gəlməyə qərar verdim. Bir müddət yaşayıb bəyənməsəm onsuz da Amerika seçimim yenə də var deyə düşünürdüm. Lakin, Kanadaya gəlmək qərarımdan hələ ki məmnunam. Kanadalılar amerikanlılarla müqayisədə çox kübar və mülayim təbiətlidirlər. Menecmentdə də bu özünü büruzə verir. Eyni zamanda buranın bəzi şəhərlərində, xüsusilə də frankofonlar yaşayan əyalətlərdə, hələ də Avropa abu-havası (arxitektura, rəsmi fransız dili və s.) var deyə yeni gələnlər özlərini dünyadan çox da izolyasiya olmuş kimi hiss etmirlər”.
Həmvətənlərində olanı kanadalı dostlarında tapa bilmir…
Şəhriyar deyi ki, nə qədər uzun müddət xaricdə yaşasa belə bəzi dəyərlər var ki, onlar bizi xaricilərlə ayırır. Bunlardan biri dostluq dəyərləridi. “Burada çox kanadalı tanışlarım olsa da həmvətənlilərimlə elədiyim möhkəm dostluğu onlarda tapa bilmirəm. Azərbaycanlılar Torontoda çox aktivdirlər. Burada “Azərbaycan Rəqs Kursları” belə var. Hətta FLEX və Erasmus zamanı dostlaşdığım iki yaxın dostum da Torontoda yaşayır və onlarla mütəmadi olaraq görüşürük.
Şəbəkəm genişdi və az qala hər həftə hansısa bir Azərbaycan tədbirində iştirak edirəm. Həm rəsmi həm də qeyri-rəsmi tədbirlər intensiv olaraq təşkil olunur. Bir neçə Azərbaycan cəmiyyəti var. Bayram ərəfəsində isə neçə yerdən dəvət edirlər. Çox sağ olsunlar! Deməyim ondadır ki, kanadalıların mehribançılığı bizimkilərin də canına hopub. Bəlkə də qəribçilik hissidir ki, bizi bir-birimizə çox yaxınlaşdırır. Bəlkə də soyadımın Qəribov olmağı təsadüf deyil”.
Azərbaycanlı gənc Şəhriyarın Kanadada maliyyə üzrə gördüyü bir neçə məqam müqayisə edərək bildirir ki, ölkəmiz oradan çox geri qalır: “Təəssüf ki, bankçılıq, maliyyə xidmətləri və digər sferalarda istifadə olunan texnologiyalar cəhətdən Bakı Kanadadan təxminən 10 il geridə qalır”.
“Bakı dedim çünki ümumi Azərbaycanı götürsək regionlarda inkişaf Bakıdan da geridədir” – müsahibimiz müqayisəsindəki bu məqama əlavə redaksiya kimi bildirir.
Şəhriyar xaricdə yaşayan və işləyən azərbaycanlılar əslində bu imkandan istifadə edərək Azərbaycana geri qayıdıb burada olan mövcud olan texnologiya və prosedurları öz vətənimizdə tətbiq edərək çox uğur qazana bilməsini mümkün sayır: “Buna gələcəyə səyahət edib “cekpot” udan lotoreyanın nömrəsini öyrənib və geri qayıdıb o bileti almaq kimi baxın. Spesifik bir nümunə verməli olsam isə – Pensiya Sistemini vurğulayardım. Kanadada ilk işlədiyim şirkətin təklif etdiyi investisiya növlərindən biri də könüllü Pensiya fondları idi. Burada demək olar ki, bütün işəgötürən şirkətlər sosial paketin bir hissəsi olaraq işçiyə pensiya fonduna yatırım etməsi üçün hesab açırlar. Həmin hesaba işəgötürən tərəfindən aylıq olaraq əvvəlcədən tərəflər arasında müəyyən olunmuş məbləğ köçürülür. O məbləğ isə şəxs tərəfindən hansı fonda yatırılacağına dair idarə olunur”.
İş həyatından bəhs edir…
“Kanadada iki fərqli sahədə çalışmışam. İlk işim maliyyə xidmətləri sahəsində “State Street Bank (IFDS)”-da “Account Coordinator” vəzifəsi olub. Bəli, Bakıda işlədiyimdən çox daha aşağı vəzifəylə Kanadada karyerama sıfırdan başlamışam demək olar. Buna səbəb – yerli şirkətlərin kandidatlardan Kanada iş təcrübəsi (“Canadian experience”) tələb etmələridi. Üstəlik daimi işçi kimi yox müvəqqəti müqavilə əsasında. Kanadada bir çox şirkət əvvəl müvəqqəti müqavilə əsasında işə götürür. Bu o deməkdir ki, daimi işçilərdən fərqli olaraq sosial paketlə təmin olunmursan. Beləliklə əgər özünüzü doğrultmasaz sizi həm rahatlıqla işdən uzaqlaşdıra bilərlər həm də sosial paket üçün xərc arada itmir. Bunun yeganə üstün cəhəti isə işçi üçün vergilərin daha güzəştli olmasıdır. Sınaq müddəti isə müqaviləyə əsasən 6 ay idi. Sınaq müddətini nəinki uğurla başa vurdum, həmçinin yeni proyektə SME kimi yeni vəzifəyə təyin olundum. O vaxtdan “Fortune 500” şirkətləri ilə işləməyə başladım. Bir müddət sonra karyeramla bağlı dəyişiklik etməyə qərar verdim. Belə ki, IT sahəsinin get-gedə daha da inkişaf etdiyini, bu sahəyə keçərsəm daha çox imkanların olacağının fərqinə vararaq 2019-un yayında vaxtilə kiçik startap idisə iki mindən çox (və onların 30%-i Fortune 500) müştərisi olan beynəlxalq IT şirkətlərindən biri olan “NetBrain Technologies” şirkətində “Customer Success Manager” olaraq işə başladım. Bundan sonra sektor dəyişikliyi etməyəcəm çox böyük ehtimal ki”.
İndi Torontoda yaşayan bu gənc yeni işində ofis şəraitindən tutmuş ona çox dəstək olan iş yoldaşlarına, rəhbərliyə kimi hər kəsdən və hər şeydən çox razı olduğunu sadalayır.
“Ümumiyyətlə bəzi kiçik nüansları çıxmaq şərt ilə, Kanadada olduğum müddətdə heç vaxt iş yerində dramatik narazıçılıq, xoşagəlməz hallar, diskriminasiya və ya rasizmlə üzləşməmişəm. İnsana, ambisiyaya və zəhmətə çox dəyər verilən bir ölkədir. Glassdoor və Indeed kimi platformalarda şirkətlər haqda anonim şərhlər yazma imkanı olduğu üçün burda şirkətlər yox, işçilər “at oynadırlar”. Məncə bu tipli platformalar Azərbaycanda da geniş istifadə olunmalıdır ki, şəffaflıq və işçi haqqları yüksək səviyyədə qorunsun. Gələcək planlarıma gəldikdə isə bacardığım qədər çox təcrübə yığmağa çalışıram ki, Azərbaycana qayıdanda öyrəndiklərimi tətbiq edə bilim. Bayaq qeyd etdiyim kimi, hal-hazırda lotoreyanın nömrəsini qeyd etməklə məşğulam”.
Sabir Mirzəyev
“Banker.az” saytı