6 C
Baku
Monday, December 30, 2024

“TOST” piramidası “partlaya”, ora qoyulan pullar “göyə sovrula” bilər – Xəbərdarlıq

Azərbaycanda “TOST” (veb səhifə: https://www.dtost.vip) piramida sistemi sürətlə yayılmaqda davam edir.

Banker.az xəbər verir ki, bu platformaya qoşulanların sayının sürətlə artdığı bir zamanda həmin platforma hansısa lisenziya ilə fəaliyyət göstərmir. Hətta mobil tətbiq olmadan internet səhifəsi üzərindən əməliyyatlar açmaq mümkündür.

“Qoşulanlar bu sistemin hələ də süni intellekt əsaslı birjada alış-veriş edən bot olduğunu müdafiə edirlər”, – deyə kibertəhlükəsizlik üzrə ekspert Fərid Pərdəşünas bildirib.

Kriptovalyuta üzrə ekspert Elnur Quliyev də bu məsələyə aydınlıq gətirərək bildirib: “”TOST” piramidadır. Sadəcə hələki “pul verir”. Bu “platforma” istənilən an bağlana bilər”, – deyə o əlavə edib.

Elnur Quliyev əlavə edib ki, bəzi insanlar asan və daha tez pul qazanmaq üçün piramida olan platformalara da pul yatırmaqdan çəkinmirlər.

“Üstəlik, belə platformalar öz ətrafındakılarını cəlb edir. Məlumdur ki, piramida platformasında əsasən ilkin vaxtda qoşulanlar qazanır. Odur ki, ən çox pul itirənlər ən sonda platformaya daxil olanlar olacaq”, – deyə Quliyev vurğulayır.

Bir süni intellektin hər gün birjada uğurla alış-veriş edib, pul qazandırması mümkün deyil. Fərid Pərdəşünas bunu onunla izah edir ki, ən azından bazar dalğalanmaları buna imkan verməz.

“Skam saytları “TOST”un çox təhlükəli platforma olduğunu qeyd edir. Amma fayda yoxdur. İnsanlar inanıb qohum-əqrəbasını, dost-tanışını oda ataraq, öz mənafelərini və qazanclarını güdürlər. “TOST” partlayacaq. Gec-tez partlayacaq. Diqqətli olun, uzaq olun”, – deyə o əlavə edib.

Son xəbərlər
Digər xəbərlər