Dünyanın yeddi nəhəng neft şirkətindən biri olan Fransanın neft-qaz şirkəti “Total Energies” 2020-ci ili 7,2 milyard dollar zərərlə başa vurub.
2010-2020-ci illər ərzində “Total Energies” ilk dəfə maliyyə itkisi ilə üzləşib.
Təqdim edilən hesabatlara əsasən, halbuki şirkət 2019-cu ildə 11,3 milyard dollar xalis mənfəət əldə edib. Şirkət yalnız 2020-ci ilin dördüncü rübündə 891 000 000 dollar mənfəət əldə edə bilib ki, bu da 2019-cu ilin dördüncü rübü ilə müqayisədə 66 faiz azdır.
Şirkətin 2020-ci ildə neft hasilatını da təxminən 9 faiz azaldaraq gündəlik 1,3 milyon barel hasilat həyata keçirib. “Total Energies” dövriyyəsi də həmçinin 2019-cu ilə nisbətən 32,1 faiz azalıb. Dövriyyə 2019-cu ildə 176,2 milyard dollardan 2020-ci ildə 119,7 milyard dollara düşüb.
Şirkətin baş icraçı direktoru Patrik Puyanne bildirib ki, “Total Energies” 2020-ci ildə iki böyük böhranla qarşılaşıb:
“Qlobal səviyyədə enerjiyə olan tələbata ciddi şəkildə təsir edən COVID-19 pandemiyası və neft qiymətinin kəskin səviyyədə aşağı düşməsi şirkətin gəlirlərinə təsir edən əsas iki amil idi”.
Qeyd edək ki, bazar iştirakçıları 2020-ci ili qlobal neft sənayesi üçün dağıdıcı bir il kimi qiymətləndiriblər.