“Sabahdan şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibinin həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı, saat 00:00-dan gec olmamaqla, qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməsi ilə bağlı tələb ləğv olunacaq”.
Bunu açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli qərarında göstərilən bu məhdudiyyətlər də aradan qaldırılacaq: “Nazirlər Kabinetinin bugünkü qərarına əsasən, sabahdan Azərbaycanda şənlik mərasimlərinin – toy, nişan, ad günləri və s. keçirilməsində tətbiq edilən say və vaxt məhdudiyyəti ləğv olunur. Bununla əlaqədar yuxarıda qeyd olunan tələb də ləğv olunur. Bununla belə ancaq etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər, yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, şənlik mərasimlərində – toy, nişan, ad günlərində və s. iştirak edə biləcəklər. O cümlədən şənlik mərasimlərində digər tələblər – girişlərdə COVID-19 pasportlarının təqdim olunması, qapalı yerlərdə maskadan istifadə də qüvvədə saxlanılır”.