“Toyota Motor” avtomobil korporasiyası maliyyə tərəfdaşları ilə strateji payların azaldılması proqramı çərçivəsində böyük Yaponiya bankları və sığortaçılarından öz səhmlərini 806.8 milyard yen (5.2 milyard dollar) qarşılığında geri alacaq.
Şirkətdən verilən məlumata görə, “Toyota” səhmləri “Mitsubishi UFJ Financial Group”, “Sumitomo Mitsui Financial Group”, “Tokio Marine Holdings” və “MS&AD Insurance Group Holdings” tərəfindən satılır. Qiymət bir səhm üçün 2781 yen (təxminən 18 dollar) təşkil edir ki, bu da 23 iyul çərşənbə axşamı ticarətin bağlanış qiymətinə 11% endirim deməkdir – 3109 yen (təxminən 20 dollar, +0.61%). Bildirilir ki, banklar və sığortaçılar bir neçə ildir ki, paylarını azaldırlar.
“Tokai Tokyo Intelligence Laboratory”nin baş analitiki Seiji Sugiura bildirib ki, “Toyota”nın səhmlərinin geri alınması səhmdarlar üçün yaxşı xəbərdir, belə ki, şirkət may ayında “buyback” elan edəndən bəri hər kəsin bunu gözləyirdi.
“Mitsubishi” və “Sumitomo”nun iyun ayında “Toyota”dakı 1.32 trilyon yen dəyərində paylarını satmağa başlamaq planları barədə “Bloomberg” yazıb. Agentlik qeyd edir ki, “MS&AD Insurance” , “Tokio Marine”, “Sompo Holdings” də korporasiyada əhəmiyyətli paya malikdir.