Yaponiyanın “Toyota Motor” şirkəti iyun ayında 1 milyondan çox avtomobil istehsal edib və dünya üzrə təxminən 969 000 avtomobil satıb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. Rəqəmlərin hər ikisi şirkət üçün rekorddur. İyun ayında avtomobil satışları illik müqayisədə 9%, istehsal isə 9.7% artıb.
Bu gün “Toyota Motor” həmçinin ilin birinci yarısı üçün avtomobillərin istehsalı və satışı ilə bağlı məlumatları dərc edib. 2023-cü ilin yanvar-iyun ayları ərzində şirkət dünya üzrə 5.4 milyon avtomobil satıb ki, bu da əvvəlki illə müqayisədə 5.5% çoxdur. Eyni zamanda, Yaponiya daxilində satışlar 26.9%, xaricində isə yalnız 0.6% artıb.
İlin birinci yarısında “Toyota Motor” dünya üzrə 5.6 milyon avtomobil istehsal edib ki, bu da əvvəlki illə müqayisədə 10.3% çoxdur və eyni zamanda şirkət üçün rekord nəticədir. Bundan başqa, Yaponiyada istehsal həcmi də rekord göstərici olub, burada şirkət 3.5 milyon avtomobil istehsal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4.9% çoxdur.