10 C
Baku
Thursday, March 6, 2025

Toyuqlarımızın yumurtalarına xaricdən tələb artır – Bu, qiymətə necə təsir edə bilər?

Azərbaycan 2024-cü ildə xaricə ümumi həcmi 83.88 milyon ədəd olan toyuq yumurtası ixrac edib və bu da illik müqayisədə 73 faiz artımdır. Bununla belə, ABŞ-yə də ixrac ediləcək yumurta müştərilərinin coğrafiyası genişlənib.

Banker.az xəbər verir ki, ixrac edilmiş toyuq yumurtasının dəyəri 6.88 mln. dollar olub. və illik müqayisədə 103 faiz artıb.

Azərbaycanın xaricə yumurta ixracının artımının əsas səbəbi Rusiyaya ixracın 38 dəfə artmasıdır. Keçən il şimal qonşuya cəmi 1.22 mln. yumurta ixrac edilmişdi, bu il həmin göstərici 48.65 mln. ədədə çatıb və bu da 4.16 mln dollarlıq dəyərdir. Rusiya keçən illə müqayisədə bu il Azərbaycanın əsas yumurta idxalçısına çevrilib.

Yumurta hazırda bir sıra ölkələrdə bahalaşan qida məhsuludur. Məsələn, ABŞ-də quş qripi səbəbindən ölkədə yumurta istehsalçılarının təchizatında əngəllər yaranıb və qiymətlər hər 12 ədədli paketini tarixi maksimum olan 5 dollara qaldırıb. Azərbaycanın ən böyük quşçuluq təsərrüfatlarından biri olan “Giləzi Quşçuluq” ABŞ standartlarına uyğun sertifikatlaşdırmadan uğurla keçərək bu ölkəyə süfrə yumurtası ixracı icazəsi əldə edib. Bu aydan etibarən şirkət ABŞ-yə müntəzəm yumurta ixracına başlayır. Bunu həftənin cümə axşamı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası açıqlayıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda keçən il 2 milyard 300.8 milyon ədəd yumurta istehsalı reallaşdırılıb. Bu, istehsalın illik müqayisədə 5.1 faiz artımı deməkdir.

DSK-nın məlumatına görə, keçən ilin əvvəli 10 ədəd yumurtanın qiyməti 2 manat 10 sent olduğu halda, yay aylarına qədər 1 manat 25 qəpik, ilin sonuna kimi 1 manat 99 qəpik təşkil edib.

Assosiasiyadan Banker.az-a bildirilir ki, ABŞ-yə ixracın başlanması Azərbaycan daxilində yumurta təchizatı və qiymətlərə hər hansı təsir etməyəcək.

Belə ki, hazırda Azərbaycanda süfrə yumurtasına olan gündəlik tələbat 4 milyona yaxındır. Faktiki istehsal isə 6 milyon civarındadır. Bu istehsalın az bir qismi xaricə ixrac olunsa da, daxili tələbatı artıqlaması ilə ödəyəcək sayda ölkədə qalır. Hazırda anbarlarda 100 milyon ədədə qədər yumurta var.

Qeyd edək ki, 2025-ci ilin yanvar ayına olan məlumata görə, ABŞ-də 12 ədəd A dərəcəli böyük yumurtanın orta qiyməti rekord həddə – 4.95 dollara çatıb. Bu əhəmiyyətli artım əsasən davam edən quş qripi epidemiyası ilə əlaqələndirilir. Epidemiya nəticəsində milyonlarla yumurta qoyan toyuğun tələf olması təchizatın azalmasına və qiymətlərin yüksəlməsinə səbəb olub.

3433242342343243242342

Son xəbərlər
Digər xəbərlər