9 C
Baku
Sunday, November 17, 2024

TRACECA-nın rəsmisi: “Qazaxıstandan Azərbaycana avtonəqliyyat yük daşımaları dayandırılıb”

Qazaxıstanda cərəyan edən son siyasi hadisələr ətraf dövlətlərə, o cümlədən Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək.

Bu barədə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov hazırda böhranın iqtisadiyyatımıza nə kimi təsiri olduğunu şərh edərkən bildirib

Onun sözlərinə görə, hazırda dəmiryolu ilə yükdaşımalar həyata keçirilir: “Avtonəqliyyat vasitələri ilə isə yük daşımaları və aviareyslər hələlik dayandırılıb”.

R.Bayramov indi bu istiqamətdə proqnoz verməyin həddindən artıq tez olduğunu dilə gətirdi:

“Bildiyiniz kimi, TRACECA-nın Baş katibi də (Aset Asavbayev) qazaxıstanlıdır. Onunla qeyri-formal söhbətlərimiz olsa da, hələlik rəsmi heç nə yoxdur.

Qazaxıstanda böhran olmaması Azərbaycan üçün də vacibdir. Asiya və Avropa arasında əsas tərəfdaşımız, Çinlə həmsərhəd dövlətdir”.

Qeyd edək ki, Çinlə Avropa arasında illik 200 milyon tondan çox yük daşınır. Bunun da hardasa 90 %-i dəniz daşımaları ilə olur, 10 %-i isə yerüstü nəqliyyat dəhlizlərindən keçir. TRACECA dəhlizi Çindən Avropaya keçən ən qısa marşrutdur.

Hal-hazırda Azərbaycan da daxil olmaqla 6 ölkə (Ukrayna-Özbəkistan-Türkiyə-Gürcüstan-Azərbaycan-Qazaxıstan marşrutu üzrə) “Vahid Tranzit Sazişi”nə qoşulmaq niyyətindədir. Bu saziş avtomobil yükdaşımalarının ölkələr arasında rəqəmsal sənəd üzərindən həyata keçirilməsini nəzərdə tutur. İndi isə Türkiyədən Orta Asiyaya yükdaşıma həyata keçirilirsə, həmin yükdaşıyıcı hər bir ölkədən tranzit icazəsini almalıdır. Bu saziş imzalandığı təqdirdə artıq proses daha səmərəli olacaq. Həm maliyyə, həm də vaxt baxımından qənaət ediləcək.

Növbəti mərhələdə TRACECA çərçivəsində başqa ölkələr də həmin sazişə qoşula bilər.

Xatırladaq ki, TRACECA çərçivəsində 13 ölkə fəaliyyət göstərir. Bunlar Mərkəzi Asiya, Qafqaz və Avropa ölkələridir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər