8 C
Baku
Sunday, November 17, 2024

TRACECA ölkələrinin Azərbaycanda maraq göstərdiyi sahə açıqlanıb

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) ölkələri Azərbaycanın hava limanlarında dronlara qarşı istifadə edilən mübarizə sistemlərinə maraq göstərirlər.

Bunu TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov bildirib.

O qeyd edib ki, bu barədə müzakirələr TRACECA ölkələrinin Bakıda Aviasiya Təhlükəsizliyi və Riskin Qiymətləndirilməsi mövzusunda iki günlük (29-30 apreldə) seminarında aparılıb: “Seminarda aviasiya sahəsində təhlükəsizliyin genişləndirilməsi, kibertəhlükəsizlik kimi məsələlər müzakirə edilib. Ölkələrin mülki aviasiya sahəsində mövcud problemləri diqqətə çatdırılıb”.

R.Bayramov qeyd edib ki, seminarın təşkilində məqsəd ən yaxşı bilik və təcrübələrin mübadiləsinin həyata keçirilməsi idi. Seminarda iştirakçılar əsas diqqəti milli risk qiymətləndirilməsi metodologiyasının hazırlanmasına və həyata keçirilməsinə yönəldiblər. Panel iştirakçıları müxtəlif regionlar və təşkilatlar üçün uyğunlaşdırılmış strategiyaların vacibliyini vurğulayıblar, sağlam risklərin qiymətləndirilməsi çərçivələrinin yaradılması ilə bağlı ən yaxşı təcrübələri və fikirləri bölüşüblər.

Xatırladaq ki, TRACECA proqramı 1993-cü ilin may ayında Qafqaz və Mərkəzi Asiya ölkələrinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan) ticarət və nəqliyyat nazirlərinin iştirakı ilə Brüsseldə keçirilmiş konfransda irəli sürülüb. Konfrans iştirakçıları TRACECA texniki yardım proqramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsi qəbul edib. 7-8 sentyabr 1998-ci il tarixlərində Bakıda 9 ölkənin – Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan və Ukraynanın dövlət başçıları, 13 beynəlxalq təşkilat və 32 dövlətdən nümayəndə heyətinin iştirak etdiyi Tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib və TRACECA Proqramı əsasında “Avropa – Qafqaz – Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb, Bakı Bəyannaməsi qəbul edilib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər