ABŞ prezidenti Donald Tramp gələn ilin aprel ayında Çinə səfər etməyi planlaşdırdığını, Çin Xalq Respublikasının sədri Si Cinpinin cavab səfərinin isə daha sonra baş tutacağını bildirib.
“Bu da [Si Cinpinlə] razılaşdığımız məsələlərdən biridir. Mən apreldə Çinə gedəcəyəm, o isə bundan sonra [ABŞ-a] gələcək — ya Floridadakı Palm Biçə, ya da Vaşinqtona”, — deyə prezident Çin lideri ilə görüşdən sonra təyyarəsində Ağ Evin mətbuat nümayəndələrinə bildirib.
Amerika lideri qeyd edib ki, Cənubi Koreyanın Pusan şəhərində Si Cinpinlə keçirilən danışıqlar “iki böyük və güclü ölkə üçün çox yaxşı görüş olub”. “Biz məhz belə — böyük və güclü dövlətlərlə qarşılıqlı anlaşma şəraitində yaşamalıyıq”, — deyə o əlavə edib.
Si Cinpin və Tramp arasında danışıqlar 1 saat 40 dəqiqə davam edib. Görüşün əvvəlində Si Cinpin ikitərəfli münasibətlərin ardıcıl inkişafını təmin etməyə çağırıb. O həmçinin qeyd edib ki, Çin və ABŞ nümayəndə heyətləri əsas ticarət-iqtisadi ziddiyyətlərin həlli üzrə ilkin konsensusa gəliblər.
Bundan əvvəl Tramp və Si Cinpin 2019-cu ildə Yaponiyanın Osaka şəhərində keçirilən G20 sammiti çərçivəsində görüşmüşdülər.








