ABŞ prezidenti Donald Tramp Çinin “ByteDance” şirkətinə məxsus “TikTok” tətbiqinin ABŞ-dəkı aktivlərini satması üçün müddəti üçüncü dəfə uzatmaq niyyətindədir, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.
Razılaşmada irəliləyiş olmadığı təqdirdə “TikTok”un ABŞ-də satılmasını və ya bağlanmasını tələb edən qanuna baxmayaraq, möhlət sentyabrın ortalarına qədər davam edəcək və 90 gün təşkil edəcək.
Livitt vurğulayıb ki, Tramp “TikTok”un fəaliyyətini davam etdirməsinə imkan verəcək əlavə icra sərəncamı imzalayacaq və qarşıdakı üç ayı müqavilənin bağlanmasına sərf edəcək.
“Prezident Tramp TikTok-un bağlanmasını istəmir”, – sözçü əlavə edib.
ABŞ uzun müddətdir ölkədə “TikTok”un fəaliyyətini məhdudlaşdırmaq istəyir. 2025-ci ilin yanvarında Tramp bildirib ki, şirkətin səhmlərinin 50%-i ABŞ-nin əlinə keçərsə, “TikTok” ölkədə fəaliyyətini davam etdirə bilər.
“TikTok”u almaqda maraqlı olan tərəflərdən biri İlon Mask olub. Digər namizədlər arasında “Microsoft” və “Oracle” kimi şirkətlərin adları çəkilir.