ABŞ Prezident Administrasiyası amerikalı fermerlərə 12 milyard dollar məbləğində maliyyə yardımı ayırıb.
Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə kənd təsərrüfatı sahəsinin nümayəndələri ilə görüşdə bildirib.
O qeyd edib ki, hökumət bu yolla digər dövlətlərə qarşı tətbiq edilən rüsumlardan əldə olunan vəsaitin “kiçik bir hissəsi”ni istifadə edir.
“Biz bu vəsaitləri amerikalı fermerlərə 12 milyard dollar iqtisadi yardım göstərmək üçün istifadə edirik”, – deyə prezident vurğulayıb. O əlavə edib ki, Çin və Yaponiya da daxil olmaqla, bir sıra ölkələr ABŞ-dən kənd təsərrüfatı məhsullarının idxalını artırmağa razılıq verib.
“Reuters” və “Bloomberg” agentlikləri daha əvvəl Ağ Ev nümayəndəsinə istinadən məlumat yayıb ki, sözügedən plan digər ölkələrə qarşı Vaşinqtonun tətbiq etdiyi rüsumlar və onların cavab tədbirləri nəticəsində zərər görmüş amerikalı kənd təsərrüfatı istehsalçılarını dəstəkləməyə yönəlib. KİV qeyd edib ki, xüsusilə Çin ticarət mübahisələri səbəbindən ABŞ-dən soya paxlası idxalını azaltdığı üçün amerikalı istehsalçılar milyardlarla dollar itkiyə məruz qalıblar.








