ABŞ prezidenti Donald Tramp ABŞ-nin Kriptovalyuta Ehtiyat Fondunun yaradılması üzərində işə başlamaq barədə göstəriş verib. “ABŞ-nin kriptovalyuta ehtiyatı Bayden administrasiyasının illərdir həyata keçirdiyi korrupsiya siyasətindən sonra bu kritik sənayeni qaldıracaq, buna görə də rəqəmsal aktivlərə dair sərəncamımla mən XRP, SOL və ADA-nın daxil olduğu kripto-strateji ehtiyatın yaradılmasında irəliləməyə göstəriş verirəm”, – deyə cənab Tramp “Truth Social”da yazıb.
Bu mesajdan sonra Amerika prezidentinin qeyd etdiyi kriptovalyutaların qiyməti kəskin artıb. “Coinmarketcap”a görə, XRP məzənnəsi son 24 saat ərzində 37%, Solana – 25%, Cardano isə 70% bahalaşıb.
İlkin bəyanatından bir saat sonra cənab Tramp əlavə edib ki, ehtiyat fonduna “təbii olaraq” Bitcoin, Ethereum və böyük bazar kapitallaşması olan digər kriptovalyutalar da daxil olacaq. Bu fonda BTC məzənnəsi son 24 saat ərzində 8%-dən çox bahalaşaraq 92.7 min dollara çatıb. ETH-nin dəyəri isə 11% artaraq 2.5 min dollar səviyyəsinə yüksəlib.