ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ və İsrailin keçirdiyi hərbi əməliyyatlar nəticəsində İranın silah istehsalı potensialının 84%-i məhv edilib. O, bu barədə Newsmax telekanalına müsahibəsində danışıb.
“Onlar silah istehsal etmək imkanlarının böyük hissəsini itiriblər. Söhbət təxminən 84%-dən gedir”, – deyə Tramp bildirib.
İyulun 14-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı son zərbələr seriyasının başa çatdığını açıqlayıb.
Qurumun məlumatına görə, zərbələr Buşehr, Çabahar, Cask, Konarak, Əbu-Musa və Bəndər-Abbas bölgələrini hədəf alıb. Bildirilib ki, əməliyyatların məqsədi İranın kommersiya gəmilərinə hücum imkanlarını daha da zəiflətmək olub.
İyulun 13-də Press TV telekanalı İranın Küveytdə yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini xəbər vermişdi.
Məlumata görə, hücumlar pilotsuz uçuş aparatları ilə həyata keçirilib və hərbi rabitə sistemləri, yanacaq anbarları, Patriot zenit-raket kompleksləri, dispetçer qülləsi və sursat anbarı hədəfə alınıb. Bundan əlavə, qanadlı raketlərlə ABŞ-a məxsus hərbi gəmi vurulub.
Həmin gün Donald Tramp ABŞ-nin İran limanlarının dəniz blokadasını bərpa etdiyini və Hörmüz boğazına nəzarəti öz üzərinə götürdüyünü elan edib. Onun sözlərinə görə, bölgədə təhlükəsizlik tədbirlərinin maliyyələşdirilməsi məqsədilə boğazdan keçən yüklərin dəyərinin 20%-i həcmində rüsum tutulacaq.






