2 C
Baku
Wednesday, February 4, 2026

Tramp Afrika ölkələri ilə ticarət sazişinin müddətini uzadıb

ABŞ prezidenti Donald Tramp 32 Afrika ölkəsinə ABŞ bazarına rüsumsuz çıxış imkanı verən sazişin müddətini uzadıb. Bu barədə ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsinin ofisi məlumat yayıb.

Tramp müvafiq qanunu imzalayaraq sazişin qüvvədə qalma müddətini 30 sentyabr 2025-ci ildən 31 dekabr 2026-cı ilədək uzadıb. Bu razılaşmalar 25 il əvvəl əldə olunmuşdu. Saziş ABŞ-yə hər il milyardlarla dollar dəyərində 1 800 adda məhsulu rüsumsuz idxal etməyə imkan verir. Bu məhsullar arasında avtomobillər, geyim, eləcə də bir sıra Afrika ölkələrindən kənd təsərrüfatı məhsulları var. Sazişin müddətinin payızda başa çatması Afrikada xeyli sayda iş yerlərinin ixtisarına səbəb olmuş və ixracatçıları yüksək gömrük rüsumları ödəməyə məcbur etmişdi. Geriyə qüvvəsi olan qanun prezidentə, saziş artıq başa çatsa da, onu yenidən uzatmağa imkan verib.

2024-cü ildə bu saziş çərçivəsində 8,23 milyard dollar dəyərində məhsul ixrac olunub. Bunun yarısı əsasən avtomobillər, qiymətli metallar və kənd təsərrüfatı məhsulları olmaqla Cənubi Afrikadan, beşdə biri isə əsasən neft və digər enerji resursları olmaqla Nigeriyadan gəlib.

ABŞ Dövlət Departamenti daha əvvəl bildirmişdi ki, Vaşinqton administrasiyası Afrika ölkələri ilə əməkdaşlığa yanaşmasını yenidən nəzərdən keçirir.

Son xəbərlər
Digər xəbərlər