ABŞ prezidenti Donald Tramp apreldə Səudiyyə Ərəbistanına səfər edə biləcəyini bildirib. Cənab Tramp həmçinin əlavə edib ki, o, Qətər, BƏƏ və “ehtimal ki, bir neçə başqa ölkə” də daxil olmaqla bir sıra Yaxın Şərq ölkələrinə səfər etmək niyyətindədir.
“Bu, gələn ay baş tuta bilər, bəlkə bir az gec”, – deyə Tramp Ağ Evdə jurnalistlərə Səudiyyə Ərəbistanına səfər perspektivləri barədə suala cavab verib.
Daha əvvəl “Axios” mənbələrə istinadən xəbər vermişdi ki, Donald Tramp mayın ortalarında Səudiyyə Ərəbistanına səfər edəcək. Mənbələrdən biri qeyd edib ki, səfərin məqsədi Fars körfəzi ölkələri ilə münasibətləri gücləndirmək, Yaxın Şərqdəki münaqişələrin həlli və investisiyaların müzakirəsi olacaq. “Reuters” mənbələri cənab Trampın Ər-Riyada gözlənilən səfəri ilə bağlı xəbərləri təsdiqləyib. Qeyd edək ki, bu, onun ikinci prezident postunda ilk xarici səfəri olacaq.