ABŞ prezidenti Donald Tramp bütün ölkələrin vətəndaşları üçün vizaların verilməsi prosedurunu çətinləşdirib. Yeni qaydalara əsasən, ABŞ-yə qeyri-immiqrasiya vizası (NIV) almaq istəyənlər yalnız vətəndaş olduqları və ya daimi yaşayış icazəsi aldıqları ölkədə müsahibəyə yazıla bilərlər. Qeyd olunur ki, immiqrasiya vizaları ilə bağlı müsahibələr əsasən daimi yaşayış ölkəsində keçiriləcək (bəzi istisnalarla). Qayda 1 noyabrdan qüvvəyə minəcək.
Xatırladaq ki, əvvəllər namizədlər viza almaq üçün istədikləri ABŞ səfirliyi və ya konsulluğunu seçə bilirdilər, indi bu imkan məhdudlaşdırılıb.
ABŞ-də işləmək üçün icazə almış şəxslər müddət bitdikdə sənədləri yalnız öz vətənində və ya yaşadıqları ölkədə yeniləyə biləcəklər. Ekspertlərin fikrincə, dəyişikliklər iki məqsəd güdür: yeni müraciətləri azaltmaq, əsasən varlı və yüksək ixtisaslı namizədlərə üstünlük vermək; vizanın müddəti bitmiş immiqrantları daha asan müəyyənləşdirmək.
ABŞ Dövlət Departamentinin məlumatına görə, 2024-cü maliyyə ilində bütün növ qeyri-immiqrasiya vizaları üçün 14.2 milyon müraciət daxil olub, onlardan 10.9 milyon təsdiq cavabını alıb.