7 C
Baku
Tuesday, January 6, 2026

Tramp etirazlara görə İrana hədələyici açıqlama verib

Əgər İran hakimiyyəti etirazçılara atəş açmaq barədə göstəriş versə, ABŞ onlara “çox güclü zərbə endirəcək”. Bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.

“Baxacağıq. Biz bu vəziyyəti çox diqqətlə izləyirik. Əgər onlar keçmişdə etdikləri kimi insanları öldürməyə başlasalar, düşünürəm ki, ABŞ onlara çox güclü zərbə endirəcək”, — deyə Donald Tramp jurnalistlərə öz təyyarəsinin göyərtəsində bildirib (video Ağ Evin YouTube kanalında dərc olunub). O, bu sözləri jurnalistin ABŞ-nin İrandakı vəziyyətə müdaxiləyə hazır olacağı sərhədin haradan keçdiyi ilə bağlı sualına cavab olaraq deyib.

Kütləvi etirazlar 2025-ci ilin sonlarında Tehranda başlayıb. Etirazlara əhalinin sürətlə artan inflyasiyadan və İran rialının məzənnəsinin kəskin ucuzlaşmasından narazılığı səbəb olub. İlk olaraq mağaza sahibləri etiraz aksiyalarına çıxıb, daha sonra onlara tələbələr qoşulub. Qısa müddət sonra mitinqlər İranın digər iri şəhərlərini də əhatə edib. “Reuters” agentliyinin məlumatına görə, etirazlar zamanı azı 16 nəfər həlak olub. KİV-lər İrandakı iğtişaşları 2022-ci ildən bəri ən genişmiqyaslı etirazlar adlandırır.

Yanvarın 2-də Donald Tramp bildirib ki, təhlükəsizlik qüvvələri etirazçılara atəş açmağa başlayacağı təqdirdə ABŞ onlara yardım göstərəcək. İran hakimiyyəti isə Vaşinqtonun müdaxiləsinin ölkə üzrə xaosa səbəb olacağını bəyan edib.

Son xəbərlər
Digər xəbərlər