ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Facebook”, “Twitter”, “Google” və onların rəhbərləri olan Mark Çukerberq, Cek Dorsi və Sundar Piçaini məhkəməyə verib.
Banke.az bu barədə “Secrertmag”a istinadən xəbər verir.
Siyasətçi bu şirkətlərin cərimə edilməsinə, o cümlədən “biabırçı senzuraya” son qoyulmasına nail olmaq istəyir. İddia 7 iyulda Mayaminin Florida bölgəsi məhkəməsində qaldırılıb. Xatırladaq ki, Donald Trampın sosial şəbəkə hesabları yanvarın 6-da, ABŞ Konqresinin iclası zamanı Kapitoliyaya basqın edildikdən sonra bloklanıb.
Radikal respublikaçılar Trampın demokrat Co Baydenə məğlub olması ilə nəticələnən prezident seçkilərinin təsdiqlənməsinə maneə törətmək istəyib. Kapitoliyadakı toqquşmalar zamanı beş nəfər ölüb, onlarla insan yaralanıb.
May ayının əvvəlində Tramp tərəfdarları ilə ünsiyyət qurmaq üçün öz onlayn platformasını işə salıb. Bununla yanaşı, ünsiyyətin hələki birtərəfli olacağı güman edilir: siyasətçi izləyicilərinə paylaşımlara şərh yazmağa icazə verməyə cəsarət etməyib.