ABŞ prezidenti Donald Tramp mayın 12-də yenidən dövlət başçısı seçildikdən sonra ilk xarici səfərinə yola düşəcək. O, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərə səfər etməyi və 1 trilyon dollarlıq sövdələşmələrlə ABŞ-yə qayıtmağı planlaşdırır. “Axios” bu barədə dörd Amerika və iki ərəb mənbəsinə istinadən xəbər verir. Onlar bildiriblər ki, cənab Trampın səfəri əsasən biznes yönümlü olacaq, geosiyasi gündəm arxa plana keçəcək.
“Axios” xatırladır ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman dörd il ərzində ABŞ-yə 600 milyon dollar sərmayə yatıracağına söz verib. “Axios”a görə qarşıdan gələn ABŞ-Səudiyyə Ərəbistanı sövdələşmələrinə ən azı 100 milyon dollarlıq hərbi təchizat, həmçinin böyük enerji və resurs müqavilələri daxil olacaq.
Qətər də ABŞ ilə razılaşma üçün öz təklifini verəcək. Qətərin sərmayəsi ölkəni “Boeing” kommersiya təyyarələri ilə təchiz etmək və 2 milyard dollar dəyərində “MQ-9 Reaper” pilotsuz təyyarələrinin alınması ilə bağlı sövdələşmələr də daxil olmaqla, ümumilikdə 300 milyon dollara çata bilər. BƏƏ mart ayında bildirib ki, on il ərzində ABŞ-yə 1.4 trilyon dollar sərmayə qoymağı planlaşdırır.