14 C
Baku
Thursday, April 24, 2025

Tramp FED-i dəyişərsə, dünya hansı böhranla qarşılaşacaq?

Risklərin idarə edilməsinin əlifbası hesab edilən əsas fikirlərin müxtəlif sahələrdə, qlobal iqtisadiyyatlarda, hətta dünyanın ən böyük iqtisadiyyatına malik ölkədə həyata keçirilməməsi, nəzərə alınmaması o demək deyildir ki, onların bu məsələlərdən xəbərləri yoxdur. Bu o deməkdir ki, dünya ya hər şeyə o qədər narıncı eynəklərdə baxaraq pozitivlik xəstəliyinə yoluxub ki, risklərin idarə edilməsini yaddan çıxarıb bu xəstəliyin təsiri altındadır, ya da bilərəkdən qlobal iqtisadiyyatı xaosa sürükləyirlər ki, Yeni Düzəni istədikləri şəkildə (xaos idarəçiliyinin bir neçə prinsipi var, bunlardan biri də budur ki, xaosu ən gözəl idarə edənlər məhz yaradanlar olur) formalaşdıra bilsinlər. Keçək mətləbə:

– hal-hazırda formalaşmaqda olan ən böyük risk: Trumpın artan inflyasiya təzyiqinə baxmayaraq FED-dən faizləri azaltmasını tələb etməsi. Qardaş Türkiyənin monetar siyasətdə bir neçə il öncə buraxdığı bu səhvin nəticələrini Türkiyədə gördük. Düşünək ki, bu səhvi ABŞ edəcək. Bu səhvin bədəlini bütün dünyaya ödətdirməyi düşünürlər!

– Trumpın siyasətinin mənfi təsirlərini yumlaştmaq istiqamətində ən gözəl balans rolunu oynaya biləcək FED-in rəhbərini dəyişmək, oraya da Trumpdan betər bir Trumpçı təyin etmək nəticələrini düşünmək belə dəhşətli olacaq risklər formalaşdırar!

– Əslində Trumpın FED ilə toqquşması onun siyasətinin müvəffəqiyyətinin ehtimalını zəiflədər!

– Belə davam etsə, Powel özü istefa edə bilər. Hətta ən güclü liderin ətrafı zəifdirsə, orada güclü bir kadrın davam gətirməsi çətindir. Çünki, ətrafı öz savadsızlığını ört-basdır etmək üçün həmin kadrı nəyin bahasına olursa olsun kənarlaşdırmağa çalışacaq. Yox, əgər liderin özü zəifdirsə, o halda bu risk 2 deyil, 5 qat artır!

– 1-ci prezidentliyi dövründə daha ağıllı (həmin dövrdə FED-in balanslayıcı siyasətini Trump unudub) və balanslı siyasətlə iqtisadi uğurlar əldə edən Trump sürəti qatbaqat artırıb. Unudulur ki, qazı basıb sürəti davamlı artıran bir avtomobil sürücüsünün qəzaya düşənə qədər əyləc (tormoz) yadına düşmürsə, o mütləq qəza edəcək. Rusiya-Ukrayna məsələsində artıq əyləcdən istifadə etməli oldu;

– Rusiya-Ukrayna müharibəsini əvvəlcə 1 günə, sonra 1 aya, sonra isə 6 aya dayandıracam deyən Trump ya hazırda bu vəziyyətlə bu müharibənin dayandırılmasının (təəssüf ki, hazırda bu müharibənin bu vəziyyətdə dayandırılması daha çox risk daşıyacaq. Təsəvvür edin ki, elə bir vəziyyət formalaşıb ki, müharibənin dayanması böyük risk daşıyır) hansı riskləri daşıdığını hesablamayıb, ya da bunları bilə-bilə dayandıracam vədi verməklə özünün hansı risklərə (ən azı imic-reputasiya və reytinq riskləri) məruz qala biləcəyini hesablamayıb. Bu məsələdə Trump həm dünyada, həm də öz ölkəsində çox ciddi reytinq düşüşünə məruz qalır! Xatırladım ki, Trump da Dövlət Katibi Marco Rubionun fikirlərini təkrar etdi ki, qısa müddətdə Rusiya-Ukrayna müharibəsi dayanmasa ABŞ bu vasitəçilikdən kənara çəkiləcək!

– heç bir zaman nəsə ola bilməz demə. Ən doğru strategiyanı yanlış, tələsik və riskləri hərtərəfli hesablanmamış taktika ilə həyata keçirməyə çalışsanız, nəticə o strategiyanı da gözdən salmaq olacaq!

– hər hansı bir təhlildə yanlış diaqnoz növbəti mərhələdə yanlış müalicə, yanlış siyasət və yanlış addımların atılması deməkdir. Bu yanlış siyasətlərin, addımların bədəli çox ağır olur və sağlam sahələri də sıradan çıxarır! Bir çox sahələrdə bunu artıq görmüşük!

– davranış tərzi ilə Trump ölkələrin Çinin nüfuz dairəsinə doğru yönəlməsini daha da sürətləndirir! Biznesdə təzyiqli davranışın təsirləri ilə iqtisadi münasibətlərdə davranış təsirini qarışdırmaq ən böyük riskdir!

– ən böyük və ağrılı risk isə odur ki, doğru müəyyən etdiyin bir xəstəliyi yanlış, aqressiv və tələsik müalicə etməyə çalışasan! Bir məsələni qarışdırmayaq: gündə 2-3 dəfə atılıb ağır xəstəni də sağaldan bir dərmanın sürətlə sağalacam deyib bir dəfəyə 20-30 ədədini atmaq ölüm, ən yaxşı halda zəhərlənmək və bədənin hansısa orqanlarına ciddi zərər verməkdən başqa bir nəticəsi olmaz! Prezidentliyin ilk 100 günü ərzində fantastik nəticələrə nail olmaq üçün atılan addımlar məhz qeyd etdiyim məsələyə bənzəyir!

Haşiyə: Doğrudan bu gedişat təhlükəli ola bilər sualına 1907-2012-ci illər ərzində qlobal iqtisadiyyata təsir etmiş 41 qlobal böhranı araşdırmış biri kimi cavab verim ki, belə davam edərsə yarana biləcək iqtisadi böhranı yalnız 1929-1933-cü illərin “Böyük Çöküş” (The Great Depression) ilə müqayisə etmək olar. 2008-2009-cu illərin böhranı bunun yanında uşaq oyuncağına bənzəyər! Yazılarımdan birndə qeyd etdiyim kimi, 1918-1920-ci illərin İspan qripini 2019-2020-ci illərdə COVID-19 ilə təkrarlayan dünya 1929-1933-cü illərin “Böyük Çöküş” böhranını da 2026-2029 “Qlobal Çöküş” böhranı ilə əvəzləyər!

Müəllif:
Elman Sadıqov
iqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər