ABŞ prezidenti Donald Tramp Ukrayna üçün Çin məhsullarına tətbiq ediləcək yeni gömrük rüsumları hesabına maliyyələşən “Qələbə Fondu” yaratmaq istəyir, bu barədə “The Telegraph” yazıb.
Yeni strategiyaya əsasən, Çin idxalına 500%-lik rüsum tətbiq ediləcək. Əldə olunan vəsait Ukrayna ordusu üçün silah alınmasına yönəldiləcək.
Qəzetin məlumatına görə, Tramp ABŞ-nin maliyyə naziri Skott Bessentə Ukrayna prezidenti Volodimir Zelenskinin 17 oktyabrda Vaşinqtona səfərindən əvvəl bu planı Avropa həmkarlarına təqdim etməyi tapşırıb. Bir gün əvvəl Bessent Avropa ölkələrini də Çin məhsullarına oxşar rüsumlar tətbiq etməyə çağırmışdı. “The Telegraph” qeyd edir ki, Çin şirkətlərinin Rusiya nefti alışı ilə bağlı sanksiya ideyası bundan əvvəl Avropa hökumətləri tərəfindən dəfələrlə rədd edilmişdi.
15 oktyabrda Ukraynanın müdafiə naziri Denis Şmıqal müttəfiqlərinə bildirmişdi ki, Kiyevin 2026-cı il üçün 120 milyard dollara ehtiyacı var.
14 oktyabrda isə ABŞ lideri bəyan etmişdi ki, Zelenski 17 oktyabr görüşündə ondan “Tomahawk” raketləri istəyəcək. Trampın sözlərinə görə, ABŞ-də bu raketlər kifayət qədərdir. Hələlik hansı qərarın veriləcəyi məlum deyil. Rusiya xarici işlər naziri Sergey Lavrov isə xəbərdarlıq edib ki, belə raketlərin Ukraynaya verilməsi Rusiya–ABŞ münasibətlərinə ciddi zərbə vuracaq.