ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran nümayəndələri bu yaxınlarda Vaşinqtonla əlaqə saxlayaraq ABŞ ilə razılaşma əldə etmək istədiklərini bildiriblər. O, bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb.
“Onlar razılaşma əldə etməyi çox istəyirlər. Bu yaxınlarda zəng ediblər, razılaşma istəyirlər. Sadəcə bilmirəm, onlar belə bir razılaşmaya layiqdirlərmi və ona əməl edəcəklərmi”, – deyə ABŞ prezidenti bildirib.
Trampın çıxışı Ağ Evin “YouTube” kanalında canlı yayımlanıb.
İyulun 8-də Donald Tramp İranın Hörmüz boğazında bir neçə gəmiyə zərbə endirməsindən sonra iki ölkə arasında qüvvədə olan atəşkəsin başa çatdığını elan etmişdi.
Buna cavab olaraq ABŞ İranın cənub bölgələrinə zərbələr endirib. Hücumlar bu gün də davam edib. Trampın sözlərinə görə, İranın hər bir zərbəsinə ABŞ 20 cavab zərbəsi ilə reaksiya verir.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu isə cavab olaraq ABŞ-nin hərbi bazalarını hədəfə alır.
Bundan əvvəl Vaşinqton İran nefti ilə əməliyyatlara icazə verən lisenziyanı ləğv edib, memoranduma daxil olan şərtlərdən birini geri götürərək İrana qarşı neft sanksiyalarını yenidən qüvvəyə mindirib.







