ABŞ prezidenti Donald Tramp bildirib ki, İrana qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır. “Axı mən niyə nüvə silahından istifadə etməliyəm? Biz onsuz da onları adi vasitələrlə tam məhv etdik”, — deyə o, Ağ Evdə jurnalistlərlə görüşdə qeyd edib. “Mən ondan istifadə etməyəcəyəm. Nüvə silahı heç kim tərəfindən istifadə olunmamalıdır”.
ABŞ prezidentinin sözlərinə görə, iki həftəlik atəşkəs müddətində İran silah ehtiyatlarını “qismən” bərpa edib. Lakin o iddia edir ki, ABŞ ordusu bu ehtiyatları “təxminən bir gün ərzində məhv edə bilər”. Tramp həmçinin daha əvvəl səsləndirdiyi fikirləri təkrarlayaraq İranın Hərbi Dəniz Qüvvələrinin, Hərbi Hava Qüvvələrinin və hava hücumundan müdafiə sistemlərinin “tamamilə məhv edildiyini” bildirib.
İranla mümkün razılaşmanın nə vaxt əldə olunacağı ilə bağlı suala cavabında Tramp “tələsməməyə” çağırıb. “Mən ən yaxşı razılaşmanı əldə etmək istəyirəm. İndi də razılaşa bilərdim, amma bunu etmək istəmirəm. Onun uzunmüddətli olmasını istəyirəm”, — deyə o vurğulayıb.







