ABŞ prezidenti Donald Tramp seçki kampaniyası zamanı kriptovalyutalarla bağlı səsləndirdiyi planları artıq həyata keçirməyə başlayıb. “Reuters”in verdiyi məlumata görə, ölkə lideri alternativ pul vəsaitləri üzrə işçi qrupunun, o cümlədən kriptovalyuta milli ehtiyatlarının yaradılmasına dair sərəncamlar imzalayıb.
Medianın bildirdiyi kimi, alternativ pul vəsaitləri üzrə işçi qrupu rəqəmsal aktivlər siyasəti ilə bağlı məsləhətlər verəcək, kriptovalyuta qanunvericiliyi ilə bağlı Konqreslə işləyəcək, eyni zamanda Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) işini koordinasiya edəcək.
Bitkoin (BTC) bu xəbərlər fonunda gözlənilmədən ucuzlaşıb. Xüsusilə, 24 yanvar tarixində Bakı vaxtı ilə saat 01:02-də kriptovalyutanın dəyəri son 24 saat ərzində 1.1%-dən çox dəyər itirərək 102 800 dollar təşkil edib. “Binance” kriptovalyuta birjasının məlumatlarına görə, bir saat ərzində kriptovalyutanın dəyəri 1500 dollar itirib.
Xatırladaq ki, 2024-cü il noyabrın 5-də ABŞ-də keçirilən prezident seçkilərində Tramp qalib gəldikdən sonra bitkoinin dəyəri sürətlə artmağa başlayıb. Bu onunla bağlıdır ki, iyul ayında seçki kampaniyası zamanı respublikaçı ABŞ-ni “bitkoin supergücünə” və “planetin kriptopaytaxtına” çevirəcəyini vəd etmişdir.
Xüsusilə, o, kriptovalyutaların istifadəsini genişləndirmək, tokenlərə şübhə ilə yanaşması ilə tanınan Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) hazırkı rəhbəri Qeri Qensleri işdən çıxarmaq niyyətində olduğunu da açıqlayıb.