ABŞ prezidenti Donald Tramp, “Trump Foundation” xeyriyyə fondundan siyasi məqsədlər üçün istifadə etdiyinə görə 2 milyon dollardan çox kompensasiya ödəməli olub. Bu məlumat Nyu-Yorkun baş prokurorluğunun saytında yerləşdirilib.
Baş prokurorun qeyd etdiyi kimi, prezidentə məxsus olan “Trump Foundation” xeyriyyə fondunun fəaliyyəti dayandırılacaq, hesabında olan 1,8 milyon dollarlıq vəsait isə digər xeyriyyə təşkilatları arasında bölüşdürüləcək.
“Xeyriyyəçilik məqsədə çatmaq üçün vasitə deyildir, buna görə bu itkilər prezidentin səlahiyyətlərindən sui-istifadə etdiyini göstərir və qanuna əməl edən qeyr-kommersiya təşkilatları üçün bir qələbə deməkdir”, – prokuror əlavə edir.
Xatırladaq ki, bu ilin noyabr ayının əvvəllərində Nyu-York ştatının məhkəməsi Donald Trampı 2 milyon dollarlıq kompensasiya ödəməyə məcbur etmişdir. Bunun əsas səbəbi prezidentin “Trump Foundation” fondundan 2016-cı il seçki kampaniyasında istifadə etməsi olub. Bu fondun prezidentin qalib gəlməsi üçün 2,8 milyon dollar vəsait topladığı güman edilir.