ABŞ prezidenti Donald Tramp Venesuela müxalifətinin nümayəndəsi Maria Korina Maçado tərəfindən təqdim olunan Nobel Sülh Mükafatını qəbul edib. Bu barədə “Fox News” telekanalı məlumat yayıb.
“Ağ Evin rəsmilərindən aldığım məlumata görə, Maçado Nobel mükafatı medalını prezidentə təqdim etməkdə israr edib və o, medalı qəbul edib”, — deyə “Fox News”un aparıcısı Bret Bayer efirdə bildirib.
Maçado 15 yanvarda Tramp ilə görüşdə ona Nobel Sülh Mükafatını hədiyyə etdiyini açıqlamışdı, lakin ABŞ liderinin mükafatı qəbul edib-etmədiyini dəqiqləşdirməmişdi.
Ağ Evin rəhbəri daha əvvəl Maçadonun Nobel Sülh Mükafatını ona verməsini istəmədiyini demişdi. Tramp dəfələrlə özünü bu mükafata layiq hesab etdiyini bildirsə də, 10 oktyabr 2025-ci ildə Nobel Komitəsi mükafatın Maçadoya verildiyini açıqlamışdı. “The Washington Post” qəzetinin yanvarın əvvəlində mənbələrə istinadən yazdığına görə, Tramp Maçadoya siyasi dəstək göstərməmək qərarı verib, çünki o, 2025-ci ildə aldığı mükafatdan Trampın xeyrinə imtina etməyib.






