ABŞ prezidenti Donald Tramp bildirib ki, ən böyük striminq şirkətlərindən biri olan “Netflix” ilə media korporasiyası “Warner Bros. Discovery” arasında planlaşdırılan birləşmə yenidən nəzərdən keçirilməlidir. Onun fikrincə, birləşmə nəticəsində “çox böyük bazar payına” sahib bir şirkət yaranacaq, “The Wall Street Journal” yazır.
Donald Tramp əlavə edib ki, sövdələşmə “müəyyən proseslərdən keçməlidir” və o, qərarın qəbulunda şəxsən özü “iştirak edəcək”. Daha əvvəl sahə üzrə həmkarlar ittifaqları da sövdələşmə ilə bağlı narahatlıq ifadə edərək bildirmişdilər ki, birləşmə iş yerlərinin azalmasına və kinoteatrlarda filmlərin prokat həcminin aşağı düşməsinə səbəb olacaq.
Oktyabrın sonunda “Warner Bros. Discovery” korporasiyanın iki şirkətə bölünməsini, bütün korporasiyanın və ya onun ayrı-ayrı hissələrinin satılmasını nəzərdən keçirdiyini açıqlamışdı. 5 dekabrda “Warner Bros.” striminq xidməti “Netflix”ə öz striminq və studiya aktivlərini 82,7 milyard dollara satmağa razılıq verib. Əgər ABŞ-nin federal tənzimləyici qurumları sövdələşməni təsdiqləsə, “Netflix”in nəzarətinə “HBO Max” striminq xidməti, “HBO” ödənişli televiziya kanalı, “Harry Potter” və digər layihələrin hüquqları keçəcək.







