ABŞ-nin keçmiş prezidenti Donald Tramp respublikaçıların Miluoki şəhərində keçirilən Milli Qurultayında çıxış edib. Cənab Tramp respublikaçı kimi dövlət başçısı vəzifəsinə namizəd olmağa razı olduğunu bildirib.
“Bu gecə mən sizin ABŞ prezidentliyinə namizəd olmaq təklifinizi iman və sədaqətlə qəbul edirəm”, – deyə siyasətçi söyləyib.
O, onu inanılmaz qələbənin gözlədiyinə, bundan sonra ABŞ-ni ölkə tarixinin ən böyük dörd ilini gözləyəcəyinə inandığını bildirib. Donald Tramp bütün ABŞ sakinlərini birləşməyə çağırıb.
Qeyd edək ki, bu, onun sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısında çıxışıdır. Siyasətçi iyulun 13-də Pensilvaniyada seçki kampaniyası zamanı güllələnib. Güllə onun sağ qulağına dəyib. Atışma zamanı tədbir iştirakçılarından biri həlak olub, ikisi isə yaralanıb. Hücum edən 22 yaşlı Tomas Metyu Kruks olub və o, məxfi xidmət əməkdaşları tərəfindən güllələnərək öldürülüb.