Səudiyyə Ərəbistanı 2025-ci ilin sonunadək İsraillə münasibətlərin normallaşdırılması üçün Avraam sazişlərinə qoşulacaq. Bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
“Bəli, mən belə hesab edirəm”, – deyə ABŞ lideri “Time” jurnalına müsahibəsində qeyd edib.
Trampın sözlərinə görə, Səudiyyə Ərəbistanı və İsrail sazişin imzalanmasına “çox yaxındır”. “Düşünürəm ki, Səudiyyə Ərəbistanı Avraam sazişləri məsələsində hamını qabaqlayacaq”, – prezident əlavə edib.
Səudiyyə Ərəbistanı və İsrail arasında münasibətlərin normallaşması uzun müddətdir Trampın diqqət mərkəzindədir. ABŞ lideri Avraam sazişlərini özünün ilk prezidentlik müddətinin əsas nailiyyətlərindən biri hesab edir. 2020-ci ildə Bəhreyn, BƏƏ və Mərakeş İsraillə münasibətləri normallaşdırıb. 2021-ci ildə isə Sudan yəhudi dövləti ilə diplomatik əlaqələrin qurulduğunu elan edib. Bu sazişlərdən əvvəl İsrailin ərəb ölkələrindən yalnız Misirlə (1979-cu il) və İordaniya ilə (1994-cü il) diplomatik münasibətləri var idi.