ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı sanksiyaları ləğv edən sərəncam imzalayıb. Bununla belə, ölkənin keçmiş prezidenti Bəşər Əsəd və onunla əlaqəli şəxslərə qarşı sanksiyalar qüvvədə qalacaq. Sənədin mətni Ağ Evin saytında dərc olunub.
Bildirilir ki, sanksiyaların müddəti iyulun 1-də başa çatır. Donald Tramp həmçinin administrasiyaya ABŞ-nin hərbi cinayətlərdə, insan haqlarının pozulmasında və narkotik ticarətində ittiham etdiyi keçmiş Suriya rəhbərliyindən olan şəxslərə qarşı tədbirləri gücləndirməyi tapşırıb.
2024-cü il noyabrın sonlarında Suriya müxalifəti hücuma keçərək dekabrın 8-də Dəməşqə daxil olub və Bəşər Əsədi devirərək ölkəni tərk etməyə məcbur edib. Əhməd əl-Şara Suriyanın faktiki lideri təyin edilib. Mayın 14-də Donald Tramp Ər-Riyadda Əhməd əl-Şara ilə görüşüb və bu, ABŞ və Suriya liderləri arasında son 25 ildə ilk görüş olub.