Amerikanın “Apple” və “Google” korporasiyaları Donald Tramp tərəfdarları arasında populyarlaşan “Parler” sosial şəbəkəsini mağazalarından (“App Store” və “Play Market”) siliblər.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Texnologiya nəhəngləri bu xidməti moderasiyanın olmamasında və “ictimai təhlükəsizliyə təhdid” yaradan məlumatların yayılmasında günahlandırırlar.
“Google” şirkəti “Parler” tətbiqini “Google Play”dən yanvarın 9-u silib. Rəsmi açıqlamada korporasiya nümayəndəsi “Parler” rəhbərliyinə bir neçə ay ərzində moderasiyanın vacibliyi haqqında xəbərdarlıq etdiyini, lakin bu barədə onunla razılığa gələ bilmədiyini bildirib.
Bir gün sonra “Apple” həmkarlarından nümunə götürərək, “Parler” tətbiqini “App Store” mağazasından silib.
“Parler şiddəti və qanunsuz fəaliyyəti təşviq edən zərərli və təhlükəli məzmunun moderasiya edilməsi və silinməsi ilə bağlı öhdəliklərini yerinə yetirmir, eyni zamanda App Store-un qaydalarına əməl etmir”, deyə şirkət nümayəndələri bu qərarın verilməsi səbəbini izah ediblər.
“Apple” və “Google”dan sonra “Amazon” da sosial şəbəkəni xidmətin istifadəsi şərtlərinin pozulmasına görə “Amazon Web Services” bulud platformasından silməklə hədələyib.
“Parler”in baş direktoru John Marze-nin sözlərinə görə, sosial şəbəkə hadisələrin belə inkişaf edəcəyinə hazır olsa da, alternativ hostinqin axtarılması bir az vaxt aparacaq.
Xatırladaq ki, “Parler” sosial şəbəkəsi 2018-ci ildə John Matze və Jared Thomson tərəfindən yaradılıb. Platforma özünü “Twitter”in analoqu kimi təqdim edir. Hal-hazırda bu sosial şəbəkənin 10 milyon istifadəçisi var.