9 C
Baku
Friday, December 13, 2024

Tramp və Obama dövründə ABŞ iqtisadiyyatı: İşsizliyin azalması və davamlı iqtisadi böyümənin təhlili

Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra dünya mediası və Tramp ABŞ iqtisadiyyatında yeni uğurlardan bəhs edir. Xüsusilə işsizliyin rekord həddə azalması, səhm bazarının indekslərinin tarixində ən pik səviyyəyə çıxması, yeni administrasiyanın iqtisadiyyatda daha uğurlu addımlar atdığı fikrini formalaşdırır. Ancaq Tramp hər bir uğuru öz adına yazmağa çalışdığı bir vaxtda, cəmiyyətdə bu uğurların onun olması, yoxsa Obamanın dövründə verilən qərarların effekti və ya bu nəticələrin FED-in (Federal Ehtiyatlar Bankı) 2008-ci ildən bu yana davam edən iqtisadiyyata müdaxiləsinin nəticəsi olması fikri müzakirə edilir. Bu məqalədə, qeyd edilən uğurların hansı şəraitdə qazanılması, nəticələrin davamlı olub-olmaması müzakirə ediləcəkdir.

alidadashzadeh
Əli Dadaşzadə

Birincisi Tramp üçün əsas seçki silahı olan işsizliyin azalması faktını təhlil etmək olar. 2017-ci ildə ABŞ iqtisadiyyatında 2,188,000 iş yeri açılıb və bu rəqəm 2018-ci ilin 9 ayında 1,306,000-ə bərabər olub. Obama administrasiyanın 2 ilində demək olar ki, eyni sayda iş yeri açılmışdı. Nəzərə almaq lazımdır ki, Tramp ofisi təhvil alanda işsizlik səviyyəsi 4,5-5% səviyyəsində idi və onun əlavə etdiyi iş sayı onsuzda tarixi minimuma yaxınlaşan işsizliyi biraz da azaltdı. Ancaq bir fakta diqqət yetirmək lazımdır ki, Obama prezident seçiləndə, işsizlik 9,5% səviyyəsində idi və məhz Obamanın dövründə görülmüş işlərin nəticəsi olaraq işsizlik səviyyəsi 5%-ə qədər azalmışdır. Obama özü də İllionis universitetində çıxışı zamanı, cəmiyyətə indiki iqtisadi dirçəlişin nə vaxt başladığını araşdırmağı məsləhət görmüşdü. Onu da qeyd etmək lazımdır ki, işsizliyin azalması faktorunun ölçülməsi birmənalı deyil. Bəzi ölçü metodlarına əsasən işsizlik azalsa da, işin keyfiyyətinin aşağı düşdüyü görünür. Respublikaçılar daha çox biznes adamları olduqlarından onların dövründə adətən yerli həmkarlar ittifaqları zəifləyir. Belə ki, iş yerlərinin sahibləri işçilərə müddətli əmək müqavilələri bağlamaqla, onların hüquqlarını azaltmaqla, həmkarlar ittifaqlarını zəiflədir və nisbətən aşağı əmək haqqı ilə işçi cəlb edə bilirlər. Davamlı olmayacaq iş yerlərinin yaradılmasının iqtisadi effektləri gələcəkdə hiss ediləcək. Belə ki, zəif həmkarlar ittifaqı ilə istənilən iqtisadi daralma zamanı, ilk olaraq qorunmayan işçilər işdən çıxarıla bilər ki, bu da kütləvi işsizlik ilə nəticələnə bilər.

İkinci əsas müzakirə mövzusu yeni administrasiya dövründə qazanılmış uğurların davamlı olub-olmamasıdır. Bəzi mütəxəssislərin fikrincə, indiki uğurlar Trampın qərar verdiyi vergi azalmaları və büdcə kəsirinin nəticəsidir. Bu da ona dəlalət edir ki, effektlər qısa müddətli ola bilər. Dövlət borcu keçən il ilə müqayisədə 7% artıb və vergidən azalan gəliri, qiymətli kağız satmaqla əvəz etməklə, Tramp gələcək dövrlər üçün yeni maliyyə böhranın da əsasını qoya bilər. Vergi gəlirini azaltmaq və dövlət borcunu artırmaqla infrastruktura dəstək, iqtisadiyyatda Keynesian mövqeyi kimi tanınır. Belə ki, bu nəzəriyyəyə inanan iqtisadçılar, iqtisadiyyatda böyümənin dövlət investisiyası hesabında daha effektiv olduğuna inanırlar. Ancaq yuxarıda qeyd edildiyi kimi, belə qərarın qısa müddətli effekti müsbət olsa da, uzun müddətdə iqtisadiyyata ciddi ziyan vura bilər. Keynesian mövqeyini dəstəkləyən iqtisadi proqramların əsas mənfi cəhəti ondan ibarətdir ki, bu dövrdə iqtisadiyyatı bazar və ya “görünməz əl” yox, birbaşa dövlətin iqtisadi siyasəti müəyyən edir və bu da iqtisadiyyatın idarə olunmasını asanlaşdırsa da, effektivliyi azaldır.

Rəqəmlərdən də göründüyü kimi Tramp demək olar ki, Obama administrasiyasının və FED-in 2008-ci ildən davam edən proqramlarının bəhrəsini görür. Əlbəttə, vergi azaldılması tarixdə onun adı ilə qalacaq və onun qısa müddətli effektləri hələ hiss olunacaq. Ancaq hər bir Keynesian mövqeli iqtisadçının qərarlarının əsl effekti uzun müddət sonra bilindiyi kimi, bu vergi azalması və dövlət borcunun artmasının da əsl effekti hələ gələcəkdə görünəcək. Yuxarıda da qeyd edildiyi kimi, əsas sual bu böyümənin davamlı olub-olmaması və uzun müddətli təsirinin nə olacağıdır.

— Müəllif —
Ali Dadashzade, ACCA

 

Son xəbərlər
Digər xəbərlər