ABŞ prezidenti Donald Tramp Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigeslə telefon danışığı aparıb. Amerika prezidenti söhbəti yüksək qiymətləndirib və xanım Rodrigesi “möhtəşəm insan” adlandırıb.
“Biz bu gün çox yaxşı söhbət etdik. O, möhtəşəm insandır. Bu, bizim çox yaxşı işlədiyimiz bir insandır… Biz bir çox məsələləri müzakirə etdik və mənə elə gəlir ki, hazırda Venesuela ilə münasibətlərimiz çox yaxşıdır”, — deyə Tramp bildirib. Onun sözlərinə görə, söhbət uzun olub.
Delsi Rodriges isə tərəflərin ölkələr arasında münasibətlərdə mövcud olan “həll olunmamış məsələləri” müzakirə etdiklərini açıqlayıb. “Bu gün ABŞ prezidenti Donald Trampla qarşılıqlı hörmət şəraitində uzun, məhsuldar və konstruktiv telefon danışığı apardım”, — deyə xanım Rodriges öz “Telegram” kanalında yazıb.
Yanvarın 3-də ABŞ Karakasa zərbələr endirib, bundan sonra Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores saxlanılıb. Onlara narkoterrorizm, ABŞ-yə kokain tədarükü, qanunsuz silah saxlama və sövdələşmə ittihamları irəli sürülüb. Venesuelanın müvəqqəti prezidenti vəzifəsinə vitse-prezident Delsi Rodriges təyin olunub.






