ABŞ prezidenti Donald Tramp Venesuela ilə gərginliyin aradan qaldırılması istiqamətində bütün diplomatik səylərin dayandırılmasını əmr edib. Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, bir neçə ay ərzində Donald Trampın xüsusi tapşırıqlar üzrə nümayəndəsi Riçard Qrenell Venesuela hökuməti, o cümlədən prezident Nikolas Maduro ilə danışıqlar aparıb. Keçən həftə Ağ Evin rəhbəri bütün əlaqələrin dayandırılmasını əmr edib. “The New York Times” qeyd edir ki, Dövlət Departamentinin rəhbəri Marko Rubio cənab Qrenellin səylərini faydasız hesab edib.
Tramp administrasiyası artıq mümkün hərbi əməliyyatların planlarını hazırlayıb. Bu planlar “Nikolas Maduronun hökumətinin devrilməsi” əməliyyatlarını da əhatə edə bilər, deyə “NYT” əlavə edib.
Vaşinqton Venesuela hakimiyyətini narkotik ticarətinə qarşı mübarizədə yetərincə addım atmamaqda ittiham edir. BMT Baş Assambleyasının sentyabr sessiyasında Donald Tramp bəyan edib ki, ABŞ Silahlı Qüvvələri Venesuela narkokartelləri ilə əlaqəsi olduğu güman edilən gəmilərə hücumları davam etdirəcək. Onun sözlərinə görə, bu kartellərə şəxsən cənab Maduro rəhbərlik edir.