ABŞ prezidenti Donald Trampın ailəsinin nümayəndələri kriptovalyuta birjası “Binance” ilə mümkün pay alışı ilə bağlı danışıqlar aparıblar. Bu barədə “The Wall Street Journal” (WSJ) öz mənbələrinə istinadən yazır.
WSJ-nin qeyd etdiyi kimi, “Binance” nümayəndələri hələ ötən ilin sonunda cənab Trampın ailəsinə müqavilə təklif ediblər. Qəzet yazır ki, bu yolla şirkət ABŞ-də fəaliyyətini bərpa etmək istəyir.
Xatırladaq ki, daha əvvəl “Binance” çirkli pulların yuyulması ilə mübarizə qaydalarını və ABŞ sanksiyalarını pozmaqda təqsirli bilinib. Xüsusilə, Fələstinin HƏMAS hərəkatının nümayəndələri 2021-ci ilin avqustundan 2023-cü ilin iyununa qədər birja vasitəsilə 41 milyon dollar kriptovalyuta əldə ediblər. 2023-cü ildə “Binance” təqsirli olduğunu etiraf edib və 4.3 milyard dollar məbləğində cərimə ödəməyə razılaşıb, eyni zamanda ölkədə biznes fəaliyyəti ilə bağlı lisenziyasını itirib.
Mümkün variantlar arasında Donald Trampın ailəsinin şirkətdə birbaşa pay əldə etməsi və ya ötən ilin sentyabrında cənab Tramp tərəfindən yaradılan “World Liberty Financial” layihəsi vasitəsilə sövdələşmənin aparılması nəzərdən keçirilir.
“World Liberty Financial” və “Binance” məsələ ilə bağlı şərh verməkdən imtina edib. Eyni zamanda, kriptobirjanın baş ofisi WSJ-nin şərh sorğusuna cavab verməyib.