8 C
Baku
Tuesday, January 21, 2025

Trampın dünənki çıxışından sonra neft dəyər itirib

Neft qiymətləri bazar ertəsi ABŞ Prezidenti Donald Tramp ikinci dəfə and içərək vəzifəyə başladıqdan sonra aşağı düşüb. Banker.az xəbər verir ki, dünənki inauqurasiya mərasimində dərhal milli enerji fövqəladə vəziyyətini elan edəcəyini, strateji ehtiyatları dolduracağını və Amerikanın enerjisini bütün dünyaya ixrac edəcəyini vəd edib. 

Brent markalı neft fyuçersləri Martin Lüter Kinq Günü tətili səbəbindən erkən bağlanışda 64 sent, yaxud 0.8% azalaraq 80.15 dollar səviyyəsində qərarlaşıb.

ABŞ-ın WTI markalı neft fyuçersləri isə 1,30 dollar, yaxud 1,7% azalaraq 76,58 dollara düşüb. Daha aktiv olan WTI-nin mart müqaviləsi isə 91 sent, yaxud 1,2% azalaraq 76,48 dollara enib. ABŞ-da tətil səbəbindən WTI müqavilələri üzrə hesablaşma aparılmayacaq.

Tramp administrasiyasının bir rəsmisi günün əvvəlində milli fövqəladə vəziyyət haqqında təfərrüat verməsə də, Tramp və müttəfiqləri bu səlahiyyətdən istifadə edərək adətən illər tələb edən yeni neft, qaz və elektrik enerjisi layihələrinin tez bir zamanda təsdiqlənməsinə çalışacaqlarını işarə ediblər.

Seçki kampaniyası zamanı “qaz, qaz, qaz!” şüarı ilə çıxış edən Tramp Alyaskaya dair xüsusi bir fərman imzalayacaq. Rəsmi şəxs qeyd edib ki, Alyaska ABŞ-ın milli təhlükəsizliyi üçün həyati əhəmiyyətə malikdir və bu, sıxılmış təbii qazın ölkənin digər bölgələrinə və müttəfiq ölkələrə daşınmasına imkan verə bilər.

Tramp açılış nitqində ölkələrə tariflər və vergilər tətbiq edəcəyini və ticarət sistemində köklü islahatlar aparacağını vəd edib.

UBS analitiki Kovanni Staunovo bildirib ki, diqqət növbəti 24 saat ərzində Trampın hansı fərmanları imzalayacağına yönəlib.

Tramp iqtisadiyyatı gücləndirmək üçün daha geniş bir strategiyanın bir hissəsi kimi LNG (maye qaz) ixrac lisenziyalarına qoyulan moratoriumu aradan qaldırmağı nəzərdə tutan siyasət açıqlamaları edəcəyi gözlənilir.

Cozef Bayden administrasiyasının Rusiyanın 100-dən çox tankerinə və iki neft istehsalçısına sanksiya tətbiq etməsindən sonra Brent və WTI göstəriciləri ötən həftə dördüncü həftəlik artım ilə birlikdə 1%-dən çox yüksəlib. Bu, Çin və Hindistan kimi əsas alıcıların təcili neft yükləri üçün tələsik hərəkət etməsinə və sanksiyalara məruz qalmayan tankerlər tapmaq üçün tələskənliyə səbəb olub.

Analitiklər düşünür ki, yeni sanksiyalar Rusiyadan təchizatı gündəlik 1 milyon barrelə yaxın azalda bilsə də, Trampın hərəkətlərindən asılı olaraq son qiymət artımları qısa ömürlü ola bilər.

Tramp Rusiya-Ukrayna müharibəsini tez bir zamanda bitirməkdə kömək edəcəyini və bunun bir razılaşma üçün bəzi məhdudiyyətlərin yumşaldılmasını əhatə edə biləcəyini vəd edib, deyə onlar əlavə ediblər.

Rusiyanın Prezidenti Vladimir Putin Vaşinqtonda Trampın andiçməsindən bir neçə saat əvvəl Trampı təbrik edib və yeni ABŞ administrasiyası ilə Ukrayna və nüvə silahlarına dair dialoqa açıq olduğunu bildirib.

Yaxın Şərqdə gərginliyin azalması da neft qiymətlərinə təsir göstərib. Həmas və İsrail bazar günü əsirləri və məhbusları dəyişdirərək 15 aylıq müharibədən sonra atəşkəsin ilk gününü qeyd ediblər.

Səna Əməliyyatların Humanitar Koordinasiya Mərkəzi Yəmənin Husiləri Qəzza atəşkəsindən sonra yalnız İsraillə əlaqəli gəmiləri hədəfə alacaqlarını açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər