Söhbət Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan və 2019-cu ildə baş verən hadisələrdən gedir. Həmin vaxt Ərdoğanın Mərkəzi Bankın rəhbəri Murat Çetinkanı sensasion şəkildə vəzifədən azad edib, onun yerinə daha loyal namizəd təyin etməsi uzunmüddətli iqtisadi qeyri-sabitlik dövrünün başlanğıcına çevrildi: lirə kəskin ucuzlaşdı, inflyasiya isə sürətlə yüksəldi.
Amma hətta Ərdoğanın administrasiyası belə heç vaxt ölkənin baş bankirini cinayət fəaliyyəti ilə ittiham etmək həddinə çatmamışdı. ABŞ-da isə hazırda məhz belə vəziyyət yaranıb: Federal Ehtiyat Sisteminin (FES) sədri Cey Pauel qurumun qərargahının 2,5 milyard dollarlıq təmiri ilə bağlı federal istintaqın mərkəzindədir.
Bu həftə Pauel özü də öz vəzifəsinin yazılmamış normalarını pozaraq, Ədliyyə Nazirliyinin istintaqını onun rəsmi elanından əvvəl sərt tənqid edib. FES rəhbərinin fikrincə, bu istintaqın yeganə məqsədi ABŞ prezidenti Donald Trampın onu kəskin faiz endirimlərinə məcbur etməsidir. 
Hətta Trampın tərəfdarları da nazirliyin seçdiyi metodlardan şübhələniblər. Tramp administrasiyasının keçmiş Milli İqtisadi Şura rəhbəri Larri Kudlou bildirib ki, Kolumbiya dairəsinin prokuroru Canin Pirro, bəlkə də, Pauelə qarşı “tətik düyməsini həddindən artıq tələsik basılıb” deyə bildirib.
Uoll-stritdə isə bazarlar hələlik sakitdir: treyderlər və investorlar hesab edirlər ki, mərkəzi bank administrasiyanın təzyiqinə tab gətirəcək və faiz dərəcələrini həddindən artıq aşağı səviyyəyə endirməyəcək. Lakin bir çox aparıcı iqtisadçılar və investorlar üçün baş verən bu presedentsiz hadisələrin mənası çox daha narahatedicidir.
İkinci Dünya müharibəsindən bəri Ağ Ev və FES qlobal iqtisadiyyatda ən təsirli oyunçulardan ikisi olub. İndi isə bu iki institut açıq qarşıdurma vəziyyətindədir və bu, bütün dünyaya ABŞ-ın aparıcı iqtisadi güc kimi statusu, institutlarının dayanıqlığı və qanunun aliliyi ilə bağlı narahatedici siqnal göndərir.
“Nə vaxtsa ABŞ azad dünyanın lideri olub və biz hesab edirdik ki, bazar iqtisadiyyatının çiçəklənməsi üçün vacib olan institutları məhz onlar müdafiə edir”, – Niderland Mərkəzi Bankının keçmiş rəhbəri Klaas Not deyir. – “Onlar digərləri üçün nümunə idilər”. Onun sözlərinə görə, indi “sanki tamamilə başqa cür nümunə göstərmək qərarına gəliblər”.
Tramp hazırda FES-i öz obrazına uyğun şəkildə yenidən qurmaq uğrunda mübarizəsində həlledici həftəni yaşayır – MAGA (Make America Great Again) şüarının ruhunda. O, Davosa yollanaraq öz radikal iqtisadi ideyalarını dünya elitasının qarşısında müdafiə etməyə hazırlaşdığı bir vaxtda, ABŞ Ali Məhkəməsi prezidentin ipoteka dələduzluğu ilə ittiham edərək vəzifədən kənarlaşdırmağa çalışdığı FES İdarə Heyətinin üzvü Liza Kuk işi üzrə arqumentlərə baxacaq. Kuk bu ittihamları rədd edir, üstəlik ona hələ rəsmi şəkildə ittiham irəli sürülməyib.
Ağ Ev ilə FES arasında münasibətlər getdikcə pisləşdikcə aparıcı iqtisadçılar qorxurlar ki, Tramp administrasiyası getdikdən sonra belə ABŞ-ın nüfuzu və iqtisadi gücü üçün nəticələr uzun müddət hiss olunacaq.
“FES-in bu qədər açıq şəkildə hücuma məruz qalması həqiqətən narahatlıq doğurur”, – Harvard professoru, BVF-nin keçmiş birinci direktor müavini Qita Qopinath deyir. – “Düşünürəm ki, bu anın əhəmiyyətini kiçiltməməliyik”.
Tramp və Pauel arasındakı gərginliyin kökləri xeyli dərinlərə gedib çıxır. Tramp FES sədrliyinə məhz Paueli özü təyin etsə də, faiz dərəcələrini bir neçə dəfə artırdıqdan sonra ona qarşı çevrildi.
Prezident ikinci müddətinə başlayandan sonra təzyiqlər daha da artdı: o, Paueli “başıaşağı eşşək” və “axmaq” adlandıraraq, borclanma dəyərini 1 faizədək endirməkdən imtina etdiyinə görə onu “məmnuniyyətlə işdən çıxaracağını” deyib. Tramp iddia edir ki, belə aşağı dərəcə iqtisadiyyatı dirçəldəcək və ABŞ hökumətinin dövlət borcuna xidmət xərclərini yüz milyardlarla dollar azaldacaq.
Yayda Ağ Ev hücum üçün yeni cəbhə açdı: 700 milyon dolları aşaraq büdcəni “şişirdən” yenidənqurma layihəsinə görə Paueli tənqid atəşinə tutdu. Ədliyyə Nazirliyinin araşdırmasının mərkəzində sual dayanır: FES sədri, guya xərclərin azaldılması məqsədilə, layihə sənədlərinə edilən dəyişikliklərlə bağlı Konqresi aldatmışdımı, yoxsa yox?
Uzun müddət Pauel və FES-in digər rəsmiləri susmağa üstünlük verirdilər: onlar təhqirlərə cavab vermir, administrasiya ilə açıq qarşıdurmadan yayınırdılar – hətta Tramp yayda Liza Kuku vəzifədən kənarlaşdırmağa cəhd göstərdiyi zaman belə.
Lakin bazar günü axşam vəziyyət kəskin dəyişdi: FES-in saytında Pauelin birbaşa tamaşaçılara müraciət etdiyi iki dəqiqəlik video-mesaj yerləşdirildi.
Video dərhal Konqresdə, o cümlədən indiyədək prezidenti açıq tənqid etməkdən çəkinən respublikaçılar arasında da rezonans doğurdu.
Senatın nüfuzlu bank komitəsinin üzvü, Şimali Karolinadan olan respublikaçı Tom Tillis bazar günü axşam Pauelin müdafiəsinə qalxan ilk şəxs oldu. Sonradan ona Alyaskadan Liza Murkovski və Luizianadan, bank komitəsinin başqa bir üzvü Con Kennedi də qoşuldu.
JPMorgan Chase-in baş direktoru Ceymi Daymonun rəhbərlik etdiyi Uoll-strit nəhəngləri də Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard da daxil olmaqla dünya mərkəzi bank rəhbərləri ilə yanaşı, Mərkəzi Bankın müstəqilliyinin vacibliyini vurğuladılar.
“Pauel həmin videoda çox yaxşı iş gördü, – Corc Buş (kiçik) administrasiyasının keçmiş iqtisadi müşavirlər şurasının sədri, hazırda Kolumbiya Biznes Məktəbində çalışan Qlenn Habberd qeyd edir. – O, baş verənləri izah etdi, qiymətverici mülahizələrə yol vermədi və tamaşaçılara xatırlatdı ki, o cümlədən özü də daxil olmaqla, heç kim qanundan yuxarı deyil”.
Habberd – hazırda sağ olan bütün keçmiş FES sədrləri və Ağ Evdə yüksək vəzifələr tutmuş bir neçə keçmiş baş iqtisadçı ilə birlikdə – bazar ertəsi dərc olunan məktubu imzalayıb. Həmin məktubda Ədliyyə Nazirliyinin istintağı pislənilir.
Ağ Evin nümayəndəsi Kuş Desai deyib: “Tramp administrasiyasının məqsədi ABŞ-a dünyanın ən dinamik iqtisadiyyatı statusunu geri qaytarmaq və ölkəmizin monetar siyasətinə maliyyə bazarlarının etimadını təmin etməkdir”.
Bununla belə, hətta Tramp administrasiyasının özündə də Paueli təqib etmək qərarı fikir ayrılığı yaradıb. ABŞ maliyyə naziri Skott Bessent hərçənd FES-in fəaliyyətinə dair “hərtərəfli” daxili araşdırma aparılmasını açıq şəkildə dəstəkləyib, məxfi söhbətlərdə Trampa Pauellə bağlı cinayət araşdırmasına başlamamağı tövsiyə edib, deyə vəziyyətlə tanış mənbə bildirir. Onun sözlərinə görə, Bessent Pauellə bağlı çağırış vərəqələrinin ötən həftə Ədliyyə Nazirliyindən göndəriləcəyindən əvvəlcədən xəbərsiz olub.
Maliyyə Nazirliyi israr edir ki, Bessentlə prezident arasında mövqelərdə “ən kiçik fikir ayrılığı belə yoxdur”.
İstintaq Trampın FES-i öz istəyinə uyğun şəkildə yenidən formalaşdırmaq planlarını çətinləşdirə bilər. Pauelin sədr kimi səlahiyyətləri dörd aydan sonra başa çatsa da, o, FES İdarə Heyətinin üzvü kimi 2028-ci ilin yanvarınadək vəzifədə qala bilər.
Məsələyə yaxın mənbələrin sözlərinə görə, FES sədri əvvəlcə protokola əməl edərək sədr postunu tərk etdikdən sonra İdarə Heyətinin üzvlüyündən də istefa verməyi planlaşdırırdı. Lakin istintaq onu bu qərara yenidən baxmağa vadar edib: indi vəzifəni tərk etmək ABŞ prezidentinə İdarə Heyətinə öz tərəfdarını təyin etmək üçün fürsət yarada bilər.
Mənfi reaksiya Tramp üçün Senatda yeni FES sədrinin təsdiqi prosesini də xeyli çətinləşdirib.
Bu il Senatı tərk edən Tom Tillis bildirib ki, istintaq dayandırılmayacağı təqdirdə Trampın təqdim etdiyi namizədi bloklaya bilər. Əgər bu, mayın sonunadək baş verməsə, Pauel sədr postunu saxlaya bilər.
Bəzi müşahidəçilər hesab edirlər ki, istintaq Trampın yaxın müttəfiqi – Milli İqtisadi Şuranın direktoru Kevin Hassetin Pauelin yerini tutmaq şanslarını da zədələyib.
Hasset bazar ertəsi Ədliyyə Nazirliyinin istintağını dəstəklədiyini açıqlasa da, həftə sonuna doğru, baş verən hadisələrin fonunda, onun əhəmiyyətini kiçiltməyə çalışıb: “Düşünürəm ki, burada araşdırılacaq elə də çox şey yoxdur”, – deyə o, Fox Business Network-ə müsahibəsində bildirib. Potensial namizədlərdən hesab olunan digər fiqurlar – FES İdarə Heyətinin keçmiş üzvü Kevin Uorş, hazırkı üzv Kris Uoller və BlackRock nümayəndəsi Rik Rider – vəziyyətə dair şərh verməkdən yayınıblar. Cümə günü Tramp Hasseti oyundan kənar qoya biləcəyinə eyham vurub: “Düzünü desəm, sizi hazırkı vəzifənizdə saxlamaq istəyirəm”.
“Bu həftənin əsas uduzanı Kevin Hasset oldu”, – Miçiqan Universitetinin iqtisadçısı Castin Volfers qeyd edir.
Bununla belə, Tramp artıq özünün ən yaxın iqtisadi müttəfiqlərindən birini – keçən il FES İdarə Heyətinə daxil olan Stiven Miranı – Senatda təsdiqdən keçirə bilib.
Keçmiş FES İdarə Heyəti üzvü Fred Mişkin qeyd edir ki, Liza Kuk işi üzrə Ali Məhkəmənin qərarı həlledici rol oynayacaq. Onun sözlərinə görə, bu qərar yalnız bir neçə ay sonra açıla bilər.
“Əgər Ali Məhkəmə qərara gəlsə ki, istənilən şəxsi istənilən səbəbdən vəzifədən kənarlaşdırmaq olar, bu, oyunun qaydalarını kökündən dəyişəcək, – hazırda Kolumbiya Universitetində çalışan Mişkin deyir. – O zaman təkcə sədr yox, bütün İdarə Heyəti də vəzifədən azad edilərək yerinə prezidentin öz adamları gətirilə bilər”.
Hazırda investorlar Tramp administrasiyası ilə dünyanın ən vacib Mərkəzi Bankı arasında gərginliyə rəğmən, hələlik sakitliyini qoruyur.
ABŞ-ın səhmləri və istiqrazları ötən həftə sonu konfliktin kəskinləşməsinə demək olar ki, reaksiya vermədi: bazar iştirakçıları hesab edirlər ki, Ədliyyə Nazirliyinin istintaqı Pauelin istefası ilə nəticələnməyəcək. ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyi də əhəmiyyətli dərəcədə dəyişməyib, bu isə bazarın belə düşündüyünü göstərir: Açıq Bazar Əməliyyatları üzrə Federal Komitənin üzvləri faiz dərəcələrinin kəskin endirilməsi tələbi ilə Ağ Evin təzyiqlərinə müqavimət göstərməyə davam edəcəklər.
“Biz gözləyirik ki, FES mövcud strategiya çərçivəsində pul-kredit siyasətini davam etdirəcək”, – BNP Paribas-dan Ceyms Eqelhof bildirir.
Lakin bəzi investorlar xəbərdarlıq edirlər: həftə ərzində baş verən hadisələrin uzunmüddətli nəticəsini kiçiltmək olmaz. Bu proses Trampın Amerika Birləşmiş Ştatlarının müharibədən sonrakı qlobal rolu ilə bağlı təsəvvürləri dağıtdığı və tarif-ticarət siyasətində kəskin dönmələrin dünya iqtisadiyyatını silkələməkdə davam etdiyi bir dövrdə baş verir.
“Aydındır ki, FES ətrafında baş verən bu konflikt hələ ki, Amerikanın maliyyə aktivlərindən kütləvi “qaçışa” səbəb olmayıb, – Aberdeen şirkətinin baş iqtisadçısı Pol Diggl bildirir. – Amma ABŞ pul-kredit siyasətinin getdikcə daha çox siyasiləşməsi ilə bağlı risk investorları riskdən sığortalanmağa məcbur edir”. Məsələn, 2,2 trilyon dollar aktivləri idarə edən Pimco bu həftə Financial Times-a açıqlayıb ki, Trampın yaratdığı qeyri-sabitlik səbəbindən portfeli diversifikasiya edir və dollar aktivlərinin payını azaldır.
“Bir çox hökumət və şirkət dollarla bağlı risklərdən sığortalanmağa çalışır, – Vaşinqtondakı Peterson İnstitutundan Adam Pozen qeyd edir. – Onlar bazardan qaçmırlar, amma öz planlarını ABŞ-dan asılı olmayacaq şəkildə qururlar”.
İqtisadçılar xəbərdarlıq edirlər ki, hətta Ədliyyə Nazirliyinin başladığı cinayət işi sonda iflasa uğrasa belə, artıq təhlükəli presedent formalaşıb.








