9 C
Baku
Sunday, December 22, 2024

Trampın gəlişi Çini çətin duruma salıb: Yuanda sabitlik, yoxsa devalvasiya?

Çin prezidenti Si Cinpin qlobal ticarətdə yüksələn rol oynamaq üçün sabit və “güclü valyuta” istəyir, lakin Donald Trampın Amerika Birləşmiş Ştatlarının prezidenti postuna geri dönüşü bu məqsədə təhdid yarada bilər.

Banker.az xəbər verir ki, Tramp prezidentliyinin ikinci dövründə yuanın illərlə eniş təzyiqi ilə üzləşmə riski var və yeni bir ticarət müharibəsi ehtimalı artıq valyutaya qarşı neqativ gözləntiləri artırır. Analitiklər 2025-ci ildə yuanın dollar qarşısında son 17 ilin ən aşağı səviyyəsini düşəcəyini gözləyirlər. Hələ ən pessimist proqnozlara görə, yuan (CNY) təxminən 10% dəyər itirə bilər.

Yuan əvvəlki ticarət müharibəsi dövrü ilə müqayisədə daha zəifdir. Çin hökumətinin istiqraz gəlirləri Amerikadakından aşağıdır. Xarici şirkətlər investisiyalarını geri çəkməkdədir. İqtisadi artım qeyri-bərabərdir və deflyasiya təhlükəsi faiz dərəcələrinin daha da aşağı düşməsinə səbəb ola bilər.

“Eniş təzyiqi ehtimal ki, daha da güclənəcək” – deyə, “Absolute Strategy Research” şirkətinin inkişaf etməkdə olan bazarlar (ing: emergin market) üzrə iqtisadçısı Adam Vulf bildirib. Çin Xalq Bankı (PBOC) “valyutanın daha böyük devalvasiyasına maliyyə sabitliyi baxımından narahat olduğundan bir müddət yuanı dəstəkləməyə davam edəcək. Lakin əgər ticarət müharibəsi başlasa, PBOC Çinin ixracını qorumaq və danışıqlardakı mövqeyini yaxşılaşdırmaq üçün daha çox devalvasiyaya icazə verə bilər.”

Bu məntiq treyderləri valyutaya qarşı mövqelərini gücləndirməyə təşviq edir. Noyabrın 14-də daxili bazarda ticarət edilən yuan üç ayın ən zəif səviyyəsi olan 1 dollara nisbətdə 7.248-ə düşdü, opsion treyderləri isə daha çox eniş gözləyir. Ölkədən kənarda – ofşor məzənnə isə cümə günü təxminən 7.237 idi.

Nüfuzlu “BNP Paribas SA” əgər Tramp Çin mallarına 60%-lik tariflər tətbiq edərsə, dollar-yuan məzənnəsinin 7.5 ətrafında sabitləşəcəyini gözləyir. “UBS AG” isə gələn il bu məzənnə cütlüyü üçün 7.60-7.70, “Societe Generale SA” isə ikinci rübdə 7.40 səviyyəsini proqnozlaşdırır. Bu barədə Bloomberg bildirir. Bu proqnozlar yuanın keçən ilki 7.351 səviyyəsini keçəcəyinə işarə edir ki, bu da 2007-ci ildən bəri ən zəif göstəricidir.

Bəzi analitiklər daha da irəli gedir — “Jefferies Financial Group Inc.”də 2025-ci ildə 1 dollar üçün 8 yuan məzənnəsi proqnozunu irəli sürürlər. Yuanın bu səviyyədə son dəfə 2006-cı ildə olub; o zaman Corc Buş ABŞ prezidenti idi və Çin iqtisadiyyatı Almaniya iqtisadiyyatından kiçik idi.

BƏS YUANIN DÜŞMƏSİNA PBOC NƏ REAKSİYA VERƏCƏK?

Analitiklər yuanın zəifləməsinin ən az müqavimət göstərən yol olduğunu və ABŞ tariflərini artırdığı təqdirdə Çin ixracatına fayda verəcəyini düşünürlər. Lakin əsas müzakirə PBOC-un valyutanın nə qədər və nə qədər sürətlə devalvasiya edilməsinə icazə verəcəyi ilə bağlıdır.

2015-ci ildə PBOC yuanın bir dəfəyə 1.9% dəyər itirməsinə icazə verərək devalvasiyaya getdi. Bu, böyük kapital axınlarına və Çin valyuta ehtiyatlarının azalmasına səbəb oldu. Həmçinin ABŞ-ın Çini “valyuta manipulyatoru” kimi tanıması üçün əsas oldu ki, bu da Trampın ilk dövründə rəsmən elan edildi. Çünki, Çin buna getməklə “valyuta müharibəsindən” qazanclı tərəf kimi çıxa bilir – ölkənin ixracı yüksəlir.

“Yuanın devalvasiyası daha çox iqtisadi təzyiqlər və borc problemləri, həmçinin valyuta manipulyatoru kimi təsnif edilmə təhlükəsi yaradacaq,” – deyə, “Saxo Markets”in baş investisiya strateqi Çaru Çanana bildirib. Onun sözlərinə görə, bu addım Çin-ABŞ münasibətlərində artıq mövcud olan gərginliyi daha da artıracaq.

Daha çox ehtimal olunan ssenari PBOC-un tədricən və sabit bir devalvasiya qəbul etməsi və daha dolayı tədbirlərə əsaslanmasıdır.

Son illərdə PBOC öz alətlər dəstini təkmilləşdirib, ABŞ Federal Ehtiyat Sisteminin faiz artımları valyutalara təsir göstərdiyi bir dövrdə yuanı daha sabit saxlamağa çalışır. Çin bu məqsədlə valyutanın ticarət aralığını məhdudlaşdıran gündəlik daha güclü məzənnələr təyin edir, bankların depozitlərə qarşı saxlamağa ehtiyacı olan xarici valyutanın miqdarını tənzimləyir və dövlət banklarını ofşor bazarda likvidliyi idarə etməyə təşviq edir.

PBOC noyabrın 15-də yuanın məzənnəsini gözləniləndən daha güclü səviyyədə təyin edərək son enişdən narahatlığını göstərdi və dövlət bankları daxili bazarda dollar satdı. Treyderlər isə artıq ofşor yuan bazarında diqqətlərini artırır və bəzi dövlət banklarının ofşor bölmələrinin likvidliyi azaldaraq mənfi mövqeləri sıxışdıracağı gözlənilir.

Sentyabrın sonunda PBOC daxili stimullaşdırma paketi təqdim etdi və Çinin digər hökumət qurumları da öz təşəbbüsləri ilə buna qoşuldu. İqtisadçılar deyirlər ki, əgər bu stimullar uğurlu olarsa, ABŞ tariflərindən yaranan şoklara qarşı iqtisadiyyatı qorumağa kömək edəcək.

AXI TRAMP DA GÜCLÜ DOLLAR TƏRƏFDARI DEYİL

Bu qəribə səslənə bilər, amma yuanın dollar qarşısında enişini dayandırmaq məqsədində Çinə məhz Tramp özü kömək edə bilər. Yeni seçilmiş prezident daha zəif dolların tərəfdarıdır ki, bu da ABŞ mallarını digər ölkələr üçün daha ucuz edəcək, lakin Uol-Strit bankları bunun gerçəkləşmə ehtimalının aşağı olduğunu düşünürlər.

Çin uzun illərdir valyutasının beynəlxalq arenada populyarlaşmasını təşviq edir ki, bu da Si Cinpinin ölkəni qlobal maliyyə gücünə çevirmək məqsədinin bir hissəsidir. Hökumət valyutanın xaricdə istifadəsini artırmaqda müəyyən uğurlar əldə edib, lakin Pekin yuanın sabitliyini – hər iki istiqamətdə həddindən artıq hərəkətlər olmadan – gələcək uğurun açarı kimi görür.

“CNY üçün ən pis ssenari mənim fikrimcə, siyasətçilərin valyuta sabitliyi məqsədindən imtina edərək CNY-nin sürətlə dəyərdən düşməsinə icazə verməsi olardı” – deyə, “ING Bank NV”nin baş Çin iqtisadçısı Linn Sonq bildirib.

“Bu cür qərar yalnız yuxarıdan gələn düşüncə dəyişikliyindən qaynaqlana bilər, bəlkə də uzunmüddətli yuanın beynəlimləşmə məqsədlərindən qısa müddətli məsələlərə diqqət yönəltmək üçün dönmə olacaq.”

Onun sözlərinə görə, bu, “çox qısa müddətli və təsirsiz” bir yanaşma olardı.

Son xəbərlər
Digər xəbərlər