ABŞ-nin Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin (Customs and Border Protection — CBP) məlumatlarına görə, Donald Tramp tərəfindən artırılmış idxal rüsumlarının tətbiqi nəticəsində 2025-ci ilin əvvəlindən bəri ABŞ büdcəsinə 200 milyard dollardan çox vəsait daxil olub. Qeyd olunur ki, bu 200 milyard dollar yalnız Trampın yeni gömrük tariflərinə aiddir və onun ilk prezidentlik dövründə tətbiq edilən rüsumları əhatə etmir. Telekanal xatırladır ki, yeni rüsumların qanunsuz olması ilə bağlı arqumentlər hazırda ABŞ Ali Məhkəməsində nəzərdən keçirilir.
2025-ci ilin yazında Tramp ABŞ Konqresinin razılığı olmadan, birtərəfli qaydada dünyanın əksər ölkələrindən idxala qarşı “qarşılıqlı” rüsumlar tətbiq edib. Tramp dəfələrlə bəyan edib ki, ABŞ gömrük tariflərindən, o cümlədən idxala tətbiq edilən “qarşılıqlı” rüsumlardan gündə 2 milyard dollardan çox gəlir əldə edir.
Noyabr ayında gömrük rüsumlarından daxilolmalar Trampın aprel ayında yeni idxal rüsumlarını elan etməsindən sonra ilk dəfə azalıb. Belə ki, noyabrda ABŞ hökuməti 30,75 milyard dollar gömrük rüsumu toplayıb, halbuki oktyabrda bu rəqəm 31,15 milyard dollar idi. “Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin hüquq-mühafizə fəaliyyəti nəticə verir”, — deyə CBP-nin komissarı Rodni Skott bildirib. Onun sözlərinə görə, məqsədyönlü tədbirlər və ciddi nəzarət “ABŞ iqtisadiyyatının təhlükəsizliyini təmin etməyə, Amerika sənayesini qorumağa və ticarət qanunvericiliyini pozmağa cəhd edənləri məsuliyyətə cəlb etməyə” imkan verir.
Əgər ABŞ Ali Məhkəməsi Trampın tətbiq etdiyi gömrük tariflərini qanunsuz hesab edərsə, artıq rüsum ödəmiş şirkətlərin vəsaitlərin geri qaytarılmasına hüququ ola bilər. ABŞ Apellyasiya Məhkəməsi avqust ayında Beynəlxalq Ticarət Məhkəməsinin qərarını qüvvədə saxlayıb; həmin qərara əsasən, Tramp Konqresin razılığı olmadan rüsum tətbiq etmək səlahiyyətinə malik olmayıb. Noyabrın sonunda “Costco” pərakəndə satış şəbəkəsi 2025-ci ildə ödədiyi rüsumların tam qaytarılmasına nail olmaq üçün Tramp administrasiyasına qarşı iddia qaldıran digər şirkətlərə qoşulub. Şirkət həmçinin iş Ali Məhkəmədə baxıldığı müddətdə rüsumların yığılmasının dayandırılması xahişi ilə məhkəməyə müraciət edib.







