2 dekabrda ABŞ prezidentinin oğlu Erik Trampa məxsus “American Bitcoin” şirkətinin səhm kotirovkaları cəmi yarım saat ərzində 50%-dən çox çöküb. “American Bitcoin” — Donald Tramp ailəsinə məxsus bir neçə kriptovalyuta layihəsindən biridir. Lakin onların hamısı sürətlə dəyər itirir, “Bloomberg” qeyd edir.
İlin əvvəlindən bəri layihənin kapitallaşması 75% azalıb. Prezident Tramp və onun oğulları tərəfindən yaradılan “World Liberty Financial” tokeni sentyabrın əvvəlində maksimum dəyərinə çatdıqdan sonra 51% ucuzlaşıb. Donald Tramp və onun həyat yoldaşı Melaniyaya məxsus mem-coinlər ilin əvvəlindən bəri müvafiq olaraq 90% və 99% dəyər itirib. Trampın oğullarının digər kriptovalyuta şirkəti “Alt5 Stigma” isə ilin əvvəlindən 75% kapitallaşmasını itirib.
Erik Tramp “X” sosial şəbəkəsində istifadəçiləri panikaya düşməməyə çağırıb. O, tənəzzülü “American Bitcoin” səhm opsionlarını həyata keçirmək imkanı qazanan erkən investorlarla izah edib. “Mən səmimi şəkildə inanıram ki, biz dünyanın ən böyük kriptovalyuta şirkətlərindən birini yaradırıq. Mən bütün ABTC səhmələrimi saxlayıram — sənayenin lideri olmağa 100% fokuslanmışam”, — deyə cənab Tramp yazıb.








