ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə razılaşması əsasında Rusiya dizelinin ABŞ-yə idxalı çətinliklərlə üzləşib. Sanksiya riskləri və amerikalı alıcıların tərəddüdləri səbəbindən yanacaq daşıyan ilk üç tankerdən ikisi marşrutunu dəyişib.
Banker.az xəbər verir ki, bu barədə noyabrın 5-də “Financial Times” məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ, Böyük Britaniya və Avropa İttifaqının sanksiyaları altında olan “Talisman” tankeri Atlantik okeanına doğru hərəkətini dayandıraraq Aralıq dənizinə daxil olub. Gəmi hazırda Əlcəzair sahillərində dayanaraq yeni təlimat gözləyir.
Digər tanker – “Leruo” isə ABŞ əvəzinə Braziliyanı təyinat məntəqəsi kimi göstərib.
Üçüncü tanker “Agioi Fanendes” hələlik Nyu-York istiqamətində hərəkət etsə də, yükün boşaldılacağı liman təsdiqlənməyib.
Xatırladaq ki, oktyabrın 9-da Tramp Rusiya ilə razılaşma çərçivəsində ilkin olaraq 300 min ton dizel yanacağının bazara çıxarılacağını açıqlamışdı. Məqsəd ABŞ-də kəskin bahalaşan dizel qiymətlərini aşağı salmaq idi.
Lakin razılaşma Vaşinqtonda siyasi müqavimətlə qarşılaşıb. Bir sıra respublikaçı və demokrat siyasətçilər Rusiya yanacağının alınmasının Moskvaya əlavə gəlir qazandıracağını və sanksiya siyasətini zəiflədəcəyini bildiriblər.
“Kpler” şirkətinin analitiki Mett Smitin fikrincə, hüquqi qeyri-müəyyənlik səbəbindən üçüncü tankerin də istiqamətini dəyişməsi mümkündür.
Bu proses ABŞ-də dizel ehtiyatlarının 20 ildən çox müddətdə ilk dəfə 100 milyon bareldən aşağı düşdüyü dövrə təsadüf edir. Dizelin pərakəndə qiyməti bir qallon üçün 6,27 dollara yüksəlib, fyuçers qiymətləri isə İran müharibəsinin başlanmasından bəri 60%-dən çox artıb.







